Zakir Həsənov nəyi dəyişir?

zakir-hesenov-neyi-deyisir
Oxunma sayı: 2832


Yeni müdafiə naziri Zakir Həsənovun fəaliyyəti ictimaiyyət tərəfindən diqqətlə izlənir. Sabiq nazirdən qalma problemlər insanların orduya inamında müəyyən şübhələr yaratmışdı. Və indi  əsas vəzifə həmin şübhələrin aradan qaldırılmasıdır. 

Təbii ki, Zakir Həsənov da Müdafiə Nazirliyi sistemində mövcud olan problemlərdən xəbərdar idi. Onun atdığı addımlar da deməyə əsas verir ki, indi qarşıya qoyulan əsas məqsəd orduya inamı qaytarmaqdır. 

Təbii ki, bu istiqamətdə atılan addımlar təqdirəlayiqdir. Əsgər və zabitlərdən pul yığılmasının qarşısının alınması, aşağıların yuxarılarla müəyyən təmaslarının qurulması daxili inamı artırmaqla ümumi mənzərəni yaxşılaşdırmaqdadır. 

Bundan başqa, vətəndaşlar arasında ordu haqda neqativ şayiələrin (bəzi hallarda bu şayiələrin əsası da olur) qarşısının alınması üçün də müəyyən işlər görülür. Nazirlik daxili rakirovkalar, kadr yenilikləri və sairə tədbirlər də məhz həmin şayiələrin qarşısını almağa yönəlib. 

Amma hələ də müəyyən stereotiplər qalmaqda davam edir. 

Ən ciddi problem isə nazirliyin informasiya siyasətində ətalətin qalmasıdır. Halbuki bu sahə daha çevik və daha şəffaf olmalıdır. Çünki görülən işlərin təqdimatı müəyyən inam dividentləri gətirə bilər. 

Təəssüf ki, hələ də bu istiqamətdə addım atılmır.

Bir daha təkrar edirəm ki, Zakir Həsənov nazir təyin olunandan sonra nazirlikdə gedən proseslər diqqətlə izlənir. Amma nazirliyin buna reaksiyası ən azı təəccüb doğurur.

Birinci hal.

14 dekabr 2013-cü il tarixdə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin belə bir  məlumatı yayıldı: 

“Son günlər Silahlı Qüvvələrlə bağlı mətbuatda yenə müxtəlif səpkili, qərəzli və çox vaxt həqiqətə uyğun olmayan yazılar dərc olunur.

Əvvəllər Silahlı Qüvvələrdə xidmət etmiş, tutduqları vəzifələrdə müəyyən şəxsi mənafelər güdməklə nöqsanlara yol vermiş və bu səbəbdən də ordu sıralarından kənarlaşdırılaraq, xidmətdən təcrid edilmiş bəzi keçmiş hərbi qulluqçular kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yalan və böhtan xarakterli məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışırlar.

Bu cür dezinformasiya xarakterli məlumatları yayanlar Silahlı Qüvvələrdə hazırda həyata keçirilən islahat və quruculuq işləri nəticəsində əldə olunmuş uğurlara kölgə salmağa cəhd edirlər.

Müdafiə Nazirliyi dövlətin ərazisinin, müstəqilliyinin və suverenliyinin qorunmasının əsas təminatçısı olan Silahlı Qüvvələrimizə qarşı yönəlmiş bu kimi kampaniyalara son qoymağa dəvət edir, kütləvi informasiya vasitələrinə hərbi xarakterli məlumatların yayılmasına həssaslıqla yanaşılmasını və dəqiqləşdirildikdən sonra verilməsini tövsiyə edir”.

Buna bənzər başqa bir məlumat isə 7 yanvar 2014-cü ildə nazirliyin saytında yerləşdirildi:

Silahlı Qüvvələrdə kadr dəyişikliyi davam edir və bu barədə müxtəlif məlumatlar yayılır. Aparılan yerdəyişmələr rotasiya qaydasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin tələblərinə müvafiq olaraq həyata keçirilir və xidmətin səmərəliliyini artırmağa yönəlib.

Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə aparılan islahatlar, struktur dəyişikliyi, vəzifəyə təyin edilmə, xidmət üzrə yerdəyişmə və irəli çəkilmələr barədə məlumatları yayarkən ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinə dövlət sirlərinin qorunmasına daha həssaslıqla və anlayışla yanaşmalarını tövsiyə edir.

Birincisi – əgər kimsə Müdafiə Nazirliyində aparılan saflaşmaya kölgə salmaq üçün dezinformasiya yayırsa, bunun qarşısını almağın hüquqi yolları var. Ən düzgün yol isə nazirlikdə şəffaf mühit yaratmaqla, informasiyaları gizlətməklə yox, əksinə, tam açıq informasiya mühiti yaratmaqla yayılan düzgün olmayan informasiyaları neytrallaşdırmaq olar. 

İkincisi – dövlət sirlərini qorumağı KİV-ə və ictimaiyyətə tövsiyə etmək  gülüncdür. Çünki əgər doğurdan da hansısa bir informasiyada dövlət sirri elementi varsa, bunun günahı jurnalistdə deyil, nazirlikdədir. Bir dövlət sirrini əgər hansısa jurnalist bilirsə, deməli, o artıq dövlət sirri hesab oluna bilməz.

Və sonda bir həqiqəti təkrar etmək istərdim. Müdafiə Nazirliyində aparılan islahatların effektivliyini artırmaq üçün orduya ictimai nəzarət mexanizmləri olmalıdır. Bu mexanizm olmadıqca, yuxarıda misal göstərilən bəyanatlar olacaq.