Zakir Həsənov vəzifəli şəxslərə tapşırıqlar verdi - Fotolar

zakir-hesenov-vezifeli-sexslere-tapsiriqlar-verdi
Oxunma sayı: 3347

Yanvarın 11-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik, birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, nazir Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb, döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə cari ildə müxtəlif səviyyələrdə döyüş atışlı təlim və praktiki məşqlərin sayının və effektivliyinin artırılmasını əmr edib.

Cəbhədəki mövcud əməliyyat şəraitini təhlil edən Müdafiə naziri Əlahiddə Ümumqoşun Ordunun və düşmənlə təmas xəttində yerləşən digər hərbi hissələrin döyüş qabiliyyətini yüksək qiymətləndirərək cari ildə də bu istiqamətdə görüləcək tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Azərbaycan Ordusunun sərəncamında olan silahların düşmən üzərində qələbəni tam təmin etməyə imkan verdiyini qeyd edən nazir Ermənistan silahlı qüvvələrinin bölmələrinin ehtimal olunan aktivliyinin qarşısının dərhal və daha üstün silahların tətbiq edilməsi ilə alınması məqsədilə adekvat tədbirlərin görülməsini tapşırıb.

Müdafiə naziri qış mövsümü ilə əlaqədar əsgər yataqxanaları və digər obyektlərin qızdırılmasının təmin olunması, hərbi qulluqçular, o cümlədən gənc əsgərlərin daim tibbi nəzarətdə saxlanılması məqsədilə profilaktiki tədbirlərin görülməsi və şəxsi heyətin məişət şəraitinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib.