Zakir Həsənova açıq məktub

zakir-hesenova-aciq-mektub
Oxunma sayı: 8099


Hörmətli, cənab nazir!

Sizə müraciət etməkdə məqsədim müqəddəs bir mətləbi diqqətinizə çatdırmaqdır.  

Öz ordusunun qədrini bilməyən millət mütləq başqa orduların qarşısında aciz qalar. Bu, adi bir həqiqətdir. 

Bir həqiqət də var. Vətən uğrunda canından, qanından keçənlər həmişə hamımızın diqqətində olmalıdır. 

Cənab nazir. Əvvəla, Vətən uğrunda canından keçən qəhrəman oğullarla bağlı fəaliyyətinizə görə Sizə təşəkkür edirəm. Həm müharibənin aktiv fazasında şəhid olan oğulların unudulmaması üçün atdığınız addımlar, həm də bu gün həlak olan oğulların şəhid adına layiq dəfn olunmasının təşkili sahəsində gördüyünüz işlər təqdirəlayiqdir. 

Qarabağ uğrunda müharibədə Azərbaycanın Milli Qəhrəmanı adını qazanmış əslən Ukraynadan və Belarusdan olan Ruslan Aleksandroviç Polovinkanın və  Anatoli Nikolayeviç Davidoviçin halal haqqını verməyiniz isə mundir şərəfinə verdiyiniz önəmin bariz nümunəsi idi. 

Cənab nazir, Sizə müraciətim iki aylıq körpəsindən, valideynlərindən, bir il ailə həyatı yaşadığı həyat yoldaşından və dostlarından daha müqəddəs saydığı Vətən uğrunda heç nəyi əsirgəməyən, lakin göstərdiyi şücaətə və qəhrəmanlığa baxmayaraq heç bir təltif və mükafatı olmayan, hətta şəhid haqqı belə rəsmən tanınmayan bir qəhrəman oğul barədədir. 

Vaqif Qurbanov. Çoxları bu adı bilmir. Amma bu gün onun kimliyini bilənlər az da olsa, var. Və onu tanıyanlar arasında Silahlı Qüvvələrdə bu gün də xidmətini davam etdirən hərbçilərimiz var. 

Vaqif Qurbanov o şəxsdir ki, erməni iddialarının hərbi fazası başlayan zaman MDB Silahlı Qüvvələrinin Sitalçaydakı aviasiya polkundan Su-25 hücum təyyarəsini qaçırıb Qarabağ döyüşlərində iştirak edib. Bu hadisə 23 il əvvəl - 1992-ci il aprelin 8-də baş verib. 

Təbii ki, Vaqif Qurbanova bu işdə kömək edən texniki heyət də olub.  Fuad Məmmədov, Akif Quliyev, Gülbudaq Bünyatov, Bəşir Əliyev, Elman Cəlilov, Tofiq Şalbuzov. Və bu oğulların da heç bir təltif və mükafatları olmayıb. Onların bəzisi indi də Azərbaycan  Respublikası Silahlı Qüvvələrində xidmət edir. 

Vaqif Qurbanov bir çox döyüşlərdə iştirak  edir. Qəhrəmanlıq göstərir.  1992-ci il iyulun 13-də isə o, Ağdam-Əsgəran istiqamətində vurulur. 

Ölümündən sonra onun haqqında heç bir məlumat almaq mümkün olmur. Əsir və girovlarla bağlı komissiya da bu barədə heç bir məlumat əldə edə bilmir.

Araşdırmalar nəticəsində Vaqif Qurbanovun ölümü və dəfn olunması ilə bağlı məqamları aydınlaşdıra bilmişəm. Amma bu, başqa söhbətin mövzusudur. 

Cənab nazir, Vaqif Qurbanov və onun silahdaşları haqda çox danışmaq olar. Onların qəhrəmanlığından xəbəri olan yüksək rütbəli şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyində bu gün də var. 

Vaqif Qurbanov və silahdaşları barədə bircə faktı diqqətinizə çatdırmaq istəyirəm.

Hərbi aviasiya barədə məlumatı olanlar bilir ki, Su-25 kimi bir hücum təyyarəsinin hərbi sursatla yerə enməsi çox təhlükəlidir. Belə ki, yerə enmə zamanı təyyarədəki bomba və raketlər partlaya bilər. Buna görə də hərbi sursatla yerə enmək təlimatla qadağan olunur. Vaqif Qurbanov döyüş uçuşlarının birində hərbi yüklə qayıdır. Yerdən təlimat verilir ki, “sursatı sərf et”. Lakin Vaqif Qurbanov belə çətin vaxtda sursatı dağa-daşa atmağı məqbul hesab eləmir və təyyarədə olan hərbi yüklə yerə enəcəyini bildirir. Belə olan halda onun döyüş dostları Fuad Məmmədov, Akif Quliyev, Gülbudaq Bünyatov, Bəşir Əliyev, Elman Cəlilov, Tofiq Şalbuzov eniş zolağına yığışır və “öləcəyiksə, bir yerdə öləcəyik” deyirlər. Bu da usta pilotu fikrindən döndərmir. Vaqif Qurbanov təyyarəni sağ-salamat yerə endirir.   

Cənab nazir, Sizə müqəddəs işinizdə uğurlar arzulayır və ümid edirəm ki, Vaqif Qurbanovun da Vətən uğrunda xidmətləri öz layiqli haqqını alacaq.

P.S. Vaqif Qurbanov haqda daha ətraflı bu linkdə məlumat almaq olar: