Son vaxtlar Qarabağ münaqişəsi ətrafında baş verənlər yeni mərhələnin konturlarını daha aşkar formada ortaya qoyur. Münaqişənin həllində hamının vasitəçi kimi birmənalı qəbul etdiyi Minsk Qrupu və bu qrupun əsas simaları olan həmsədr ölkə təmsilçilərinin Dağlıq Qarabağın azərbaycanlı icmasını hesabdan silməsi, əvəzində isə erməni icmasının haqq və hüququndan bəhs etmələri Azərbaycan üçün təhlükəli perspektiv vəd edir.
Yaranmış bu situasiyada təbii ki, Azərbaycanın dayaq nöqtəsinə ehtiyacının ciddiliyi gündəmə gəlir. İndiki halda Azərbaycanın yeganə bir dayaq nöqtəsi var – Azərbaycan Silahlı Qüvvələri.
Sözsüz ki, Azərbaycan Silahlı Qüvvələrinin bu münaqişənin həllində Azərbaycanın əsas dayaq nöqtəsi olduğu həmişə vurğulanıb. Amma indiki şəraitdə Azərbaycan Silahlı Qüvvələri YEGANƏ dayaq nöqtəsidir.
Görünür, buna görə də Azərbaycanın siyasi rəhbərliyində Silahlı Qüvvələrə münasibətin dəyişməsinin vacibliyi gündəmə gəldi.
Ötən ilin payızına qədər Azərbaycan Silahlı Qüvvələri ilə bağlı ən ciddi neqativ sadə vətəndaşın orduya inamının azalması idi. Kim nə deyir desin, birmənalıdır ki, ötən ilin payızına qədər orduya inam azalmışdı.
Səfər Əbiyevin dövründə ordumuzu mədh edən istefada olan general da, deputat da, jurnalist də bu gün eyni “şövqlə” orduda baş verən müsbət dəyişikliklərdən danışır. Həmin generaldan, deputatdan, jurnalistdən və digərlərindən soruşmaq lazımdır ki, əgər hər şey yaxşı idisə, indi görülən ciddi dəyişikliklər nəyə lazım idi?
Amma reallıq ondan ibarətdir ki, doğurdan da Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra Silahlı Qüvvələrdə dəyişiklik olub. Bu dəyişikliyin ən ciddi nəticəsi isə Azərbaycan ordusuna olan inamın bərpasıdır.
Bəli, o da reallıqdır ki, Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra itkilərimiz var. Müharibə şəraitində itkilərin olması labüddür. Əsas nəticə odur ki, heç kim bu itkilərin səbəbi barədə verilən rəsmi açıqlamalara şübhə ilə yanaşmır.
Nə qədər acı da olsa, demək istəyirəm ki, övladı cəbhə xəttində erməni gülləsindən şəhid olan ana tanıyıram ki, buna inanmır. Çünki Silahlı Qüvvələrdə vəziyyət inamsızlıq mühiti yaratmışdı.
Məhz indi bu inamsızlıq mühiti aradan qaldırılıb. Bu, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovun xalq və ordu qarşısında ən böyük xidmətidir.
Qayıdıram Dağlıq Qarabağ ətrafında yaranan situasiyaya.
Azərbaycan Silahlı Qüvvələrinə xalqın inamının olmaması düşmən üçün çox sevindirici bir fakt idi. Çünki hamı üçün sübuta ehtiyacı olmayan bir həqiqət vardı. Müharibəyə hazırlaşan orduya münasibət Səfər Əbiyevin dövründə olduğu kimi olmur. Bu gün isə ordumuza inamın bərpası erməni başbilənləri üçün əməlli-başlı başağrısıdır. Çünki ermənilər də Azərbaycanın indiki situasiyada yeganə dayaq nöqtəsinin Silahlı Qüvvələr olduğunu bilir. Və bu istiqamətdə real iş düşmənin ürəyincə olmayan reallıqlar yaradır.
Əlbəttə, Zakir Həsənovun orduya inamı bərpa etməsi üçün atdığı müxtəlif addımları sadalamaq da olar:
Ön xəttə qulluq edən əsgər və zabitlərin hesabına müəyyən işlərin görülməsinin qarşısının alınması istiqamətində;
Əsgər və kiçik zabit heyətinin yuxarılarla sözlərini demək imkanının yaradılması;
Çağırışçıların təkrar yoxlanması və xəstə yeniyetmələrin ordu sıralarına çağırılmasının qarşısının alınması və sairə.
Amma Səfər Əbiyevin nazirliyi dövründə yol verilən bəzi qüsurlar hələ də təkrar olunmaqdadır.
Fevralın 13-də yerli KİV xəbər verdi ki, erməni silahlı birləşmələri Tərtərin Qapanlı kəndini atəşə tutub. Lakin Müdafiə Nazirliyi Mətbuat Xidmətinin yaydığı məlumatlarda fevralın 13-də Tərtərin Qapanlı kəndi istiqamətində atəşkəsin pozulması ilə bağlı heç nə yoxdur.
Nəzərə almaq lazımdır ki, bu gün ən ciddi döyüşlər informasiya cəbhəsində gedir. Və bu döyüşlərdə Müdafiə Nazirliyinin də çiyninə az yük düşmür. Naşıların qaldıra bilməyəcəyi qədər ağır yük...