Zakir Həsənovun qeyri-səlis məntiqi

zakir-hesenovun-qeyri-selis-mentiqi
Oxunma sayı: 3616


Ötən həftənin sonunda  müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrdə fəaliyyətə başlayandan bəri ən maraqlı və vacib əmrlərdən birini imzaladı. Söhbət çağırışçıların təkrar yoxlaması ilə bağlı əmrdən gedir. 

Əmrə görə - 

“Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçiriləcək”.

Və - 

“Xəstəlik aşkar edilən çağırışçıların geri qaytarılacaq”.

Orduda xəstələrin olması sirr deyildi. Hətta Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin sabiq rəisi belə xəstələrin öldüyü barədə xəbərləri yayanda xəstəliyə istinad edirdi. Yəni izah etməyə çalışırdı ki, nazirliyin və Silahlı Qüvvələrin heç bir təqsiri yoxdur. Günah xəstəlikdədir. 

Amma bu günə qədər xəstə əsgər sindromunu sındırmaq üçün heç bir cəhd göstərilmirdi. Nə bunun qarşısını almaq üçün, nə də bu reallığı yaradanların cəzalandırılması üçün. 

Müdafiə nazirinin son qərarı belə anormal halların qarşısını almaq üçün lazımlı və vacibdir, amma dövlətçilik fəlsəfəsi baxımından məntiqi deyil. 

İstər Müdafiə Nazirliyi, istərsə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan dövlətinin mühüm strukturlarıdır və onların hərəsinin öz funksiyaları var. 

Müdafiə nazirinin bu qərarı ona dəlalət edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işində nöqsanlar var. Bu nöqsanları aradan qaldırmaq isə Müdafiə Nazirliyinin səlahiyyəti deyil. Amma nazir Zakir Həsənov yuxarıda xatırlatdığımız qərarla bu səlahiyyəti öz üzərinə götürmüş olur. Təkrar yoxlama təşkil etməklə.

Bir daha təkrar edirəm, bu vacib və ciddi düşünməyə əsas verən bir əmrdir. Amma formal dövlətçilik məntiqi ilə heç cür izah oluna bilməz. 

Axı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti niyə xəstə uşaqları Silahlı Qüvvələrə göndərməlidir?

Amma belə faktlar var. Məhz ona görə də Zakir Həsənov formal dövlətçilik məntiqinə yox, qeyri-səlis məntiqə əsaslanan əmr verib. 

Yada salım ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovdur.