Zakir Qaralov İnterpolla görüşdü

zakir-qaralov-interpolla-gorusdu
Oxunma sayı: 688

Baş prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Z. Qaralov Beynəlxalq Cinayət Polisi Təşkilatı - İnterpolla Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edib. Daxili İşlər Nazirliyi ilə İnterpol arasında cinayətkarlıqla mübarizənin müxtəlif sahələri üzrə əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayan baş prokuror, Ronald Noblun Azərbaycana 2003-cü ildəki səfərini xatırlatmış, səfər çərçivəsində əldə edilmiş razılığa əsasən hakim və prokurorluq işçilərinin 2010-cu ildə İnterpolun Lion şəhərindəki qərargahında BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı mübarizə idarəsi ilə birgə həyata keçirdikləri tədbirlərdə iştirakını əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı, satışı, nüvə texnologiyalarının qacaqmalçılığının region ölkələri üçün təhlükəli olması, eyni zamanda, narkotiklərin satışından əldə olunan çirkli pulların separatçılar tərəfindən qanunsuz silahlı birləşmələr yaradılmasına, terror qrupları üçün silahların alınmasına və təlimlərin keçirilməsinə xərclənməsinin bəşəriyyət üçün nə dərəcədə təhlükəli olması nəzərə alınmaqla, bu ümumbəşəri problemlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edilməsinin zəruriliyi qonaqların diqqətinə çatdırıb.

Baş katib Ronald Nobl Azərbaycanın İnterpolun baş katibliyi və təşkilata üzv dövlətlərlə sıx əməkdaşlığından məmnunluğunu ifadə edib, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarını, xüsusilə cinayətkarlığa qarşı mübarizə sahəsində və insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən qanunvericilik aktları üzrə birgə görülən mühüm tədbirləri yüksək qiymətləndirib.

Görüşdə cinayətkarlığa qarşı mübarizə və cinayət törətmiş şəxslərin tutularaq məsuliyyətə cəlb olunması, birgə konkret əməkdaşlıq tədbirlərinin həyata keçirilməsi, o cümlədən təcrübə və məlumat mübadiləsinə dair müvafiq əməli tədbirlərin bundan sonra da davam etdirilməsinə dair razılıq əldə edilmiş və maraq doğuran suallar ətraflı cavablandırılıb.