“Qafqazinfo” xəbər verir ki, bu sözləri müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov söyləyib.
Z.Qaralov deyib: “Hər bir alimin, ictimai-siyasi xadimin yubileyinin belə yüksək səviyyədə qeyd olunması gələcək nəsillər üçün bir örnəkdir. Onlar da görürlər ki, Heydər Əliyevin dediyi kimi, gərək ömrünü xalqa bağışlayasan. Gərək gördüyün işlərlə, əməllərinlə doğma xalqına xidmət edəsən. Mən 60 ildir sərbəst yaradıcılıqla məşğulam. Bir çox alimlər yetişdirmişəm. Mən öz rəhbərlərimdən, alimlərdən, siyasi xadimlərdən öyrənmişəm, həyatda təcrübə qazanmışam. Öyrəndiklərimi, əldə etdiyim təcrübəni gələcək nəsillərə ötürürəm”.
Bir çox əsərlərin müəllifi olduğunu deyən Z.Qaralov həyat bilgisi adlı fənnin məhz onun tərəfindən hazırlandığını diqqətə çatdırıb. O əlavə edib ki, bu fənn bütün təbiət, cəmiyyət, insan təfəkkürü haqqında elmlərə inteqrasiya edir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Zahid İbrahim oğlu Qaralovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, Zahir Qaralov baş prokuror Zakir Qaralovun əmisidir.