Bu il 600 Azərbaycan vətəndaşının Həcc ziyarətində iştirakı nəzərdə tutulub. Müqəddəs torpaqları ziyarət etmək hər bir zəvvara 8 min manata başa gələcək. Bu isə o deməkdir ki, azərbaycanlı zəvvarlar öz arzularını reallaşdırmaq üçün toplam 4 milyon 800 min manat vəsait xərcləməli olacaqlar.
Rəqəmin böyüklüyü sosial şəbəkələrdə ciddi müzakirə predmetinə çevrilib. Son 15-20 ildə qulaqlarımızı yağır edən suallar yenə dillərdən düşmür: “Görəsən, 8 min manatı verib Həcc ziyarətinə gedən zəvvarın qonşusunda ac adam yoxdur?”, “Səkkiz min manata 500 tirajla 8 adda kitab nəşr elətdirmək daha yaxşı olmazdımı?”, “Səkkiz min manatı ərəblərə peşkəş edənlər niyə o pulu verib kəndlərinə yol çəkdirmirlər?”
Bəri başdan deyim ki, mən Azərbaycanda məscidlərin deyil, məktəblərin sayının artmasının tərəfdarıyam. Əmin olun ki, son nəfəsimə kimi bu istiqamətdə təbliğat aparacağam. Hazırda bu mövzuya toxunmağımın yeganə səbəbi insanların şəxsi həyatına müdaxilə meyllərinin getdikcə güclənməsidir. Həcc ziyarətinə getmək bir inanc məsələsidir. Əgər bir dəfə baş tutan bu ziyarət kimlərisə ömürlük xoşbəxt edirsə, bizim bunun qarşısına sədd çəkməyə haqqımız yoxdur. Biz dünyəvi dövlətdə yaşayırıq. Biri pulunu arağa, digəri isə Həcc ziyarətinə xərcləyir. Heç kimlə şərikli pul qazanmadığımız üçün haqq-hesab tələb etməyə də ixtiyarımız çatmır.
Başa düşürəm, ziyalının vəzifəsi insanları maarifləndirmək, düzgün istiqamətə yönəltməkdir. Şəxsən mən əlimə düşən 8 manatı son qəpiyinə kimi övladlarımın təhsilinə xərcləyərəm. Amma bu mənə həmin 8 min manatı Həcc ziyarətinə sərf edən adamları aşağılamağa əsas vermir. Birdəfəlik anlamaq lazımdır ki, müqəddəs torpaqlara ziyarətə gedən adamların heç də hamısı keçmiş polis rəisləri deyil. Yüzlərlə adam tanıyıram ki, bu arzusunu reallaşdırmaq üçün illərlə qəpik-qəpik pul toplayıb. Həcc ziyarətini özünün daimi marşurutuna çevirən Cavanşir Paşazadə və Hacı Qalib Salahzadə kimi adamların sayı iki əlin barmaqlarını keçmir.
Adil rayonda yaşayan çoxillik dostlarımdan biridir. Adilin özündən başqa 3 qardaşı, iki bacısı var. Bu 6 nəfər üç-dörd il ərzində qəpik-qəpik pul yığıb, ötən il analarını Həcc ziyarətinə göndərdilər. Adilin dediyinə görə, bu günə kimi bəzi həmyerliləri ona irad tuturlar ki, siz niyə həmin pulu imkansız adamlara vermədiniz? Bilirsiniz, maraqlısı nədir? Adilin anasının Həcc ziyarətinə getdiyi gün yaşadıqları rayonun polis rəisi Bakıda qızına toy edib. Qonaqların dediyinə görə, iki saatlıq ifa üçün rəis Aygün Kazımovaya 15 min manat qonorar ödəyib. Amma bu günə kimi bir nəfər rəisə deməyib ki, sən niyə həmin pulu kasıblara vermədin?
Ədalətli cəmiyyət qurmaq üçün ilk növbədə vətəndaşlar özləri ədalətli olmalıdırlar. Yetim-yesirə yumruq qıcayıb, güclünün qabağında əyilməklə cəmiyyətdə ədaləti bərqərar etmək mümkün deyil. Həcc ziyarətinə gedən Ağabikə arvadı qonşusu kasıb olduğu üçün gözümçıxdıya salmaq heç kimə başucalığı gətirmir. Guya Abid Şərifovun qonşularının arasında kasıb adam yoxdur? Bəlkə Samir Şərifov hər axşam sinidə qonşularına yemək aparır? Yoxsa, Hacıbala Abutalıbov çörəyini hər gün qonşuları ilə yarı bölür? Bəs, bu adamlar haqda niyə danışmırsınız? Nədənsə, öz halal qazancı ilə Həcc ziyarətinə gedən möminləri sosial şəbəkələrdə aşağılayan adamların xalqın var-dövlətini talayan məmurlara dil uzatdıqlarını bircə dəfə də görməmişəm...
Son xəbərlər
Son Xəbərlər