Zalsburq Azərbaycan Evində şəhidlərimizin anım mərasimi keçirildi - Fotolar

zalsburq-azerbaycan-evinde-sehidlerimizin-anim-merasimi-kecirildi
Oxunma sayı: 1100

Avstriyada fəaliyyət göstərən Zalsburq Azərbaycan Evində ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribat zamanı həlak olan Azərbaycan hərbçilərinin anım mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, anım mərasimində Azərbaycanın Avstriyadakı səfirliyinin birinci katibi Sənan Hüseynov, Türkiyənin Zalsburqdakı baş konsulu Günay Babadoğan Ertan, Zalsburq Konsulluqlar Birliyinin baş katibi, Latviyanin Zalsburqdakı fəxri konsulu Karl Vindinq, Zalsburq bələdiyyəsinin, yerli ictimaiyyətin, Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.

Tədbir ölkəmizin ərazi bütövlüyünün qorunması və sərhədlərinin toxunulmazlığı uğrunda həlak olan Azərbaycan hərbçilərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Zalsburq Azərbaycan Evinin rəhbəri Aytən Əliyeva tədbiri açaraq, Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci ildə törətdiyi hərbi təxribatlar barədə ətraflı məlumat verib. Baş vermiş təcavüz, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü, Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə aparılan normallaşma və sülh danışıqları prosesinə beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın hər vəchlə mane olmağa çalışdığı nəzərə çatdırılıb.

Tədbirdə çıxış edən Karl Vindinq və digər qonaqlar Azərbaycan dövlətinə və şəhid ailələrinə başsağlığı veriblər, baş verən hadisədən təəssüfləndiklərini, bu təxribatın hər iki tərəfə itkilər gətirdiyini bildiriblər.

Tədbir çərçivəsində təşkil edilmiş anım guşəsində qəhrəmancasına həlak olan Azərbaycan hərbçilərinin fotoları nümayiş etdirilib, güllər düzülüb, şamlar yandırılıb.