Fevralın 8-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Zaqatala Rayon İcra Hakimiyyətinin, sahibkarların və onlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib.
KOBİA-dan “Qafqazinfo”ya verilən məlumata görə, bu gündən fəaliyyətə başlayan Zaqatala KOB dostu Şəki-Zaqatala iqtisadi rayonu üzrə sayca 3-cüdür. Ümumilikdə isə, hazırda KOB dostu şəbəkəsi ölkənin 28 şəhər və rayonunu əhatə edir.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyət istiqamətləri və KOB dostu mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, KOB dostu rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasına, mövcud KOB-ların inkişafına dövlət dəstəyini, o cümlədən KOBİA-nın xidmətlərini yerində təmin edəcək. Həmçinin KOB dostu sahibkarların maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin həllinə, investisiya təşəbbüslərinin reallaşdırılmasına və maarifləndirilməsinə dəstək göstərəcək, biznes subyektlərinin inkişaf ehtiyacını və təkliflərini sorğular vasitəsilə öyrənəcəkdir. KOB dostu həm də dövlət qurumları və sahibkar arasında körpü rolunu oynayacaq, lazım gəldikdə sahibkarlara səyyar xidmət göstərəcək.
Tədbirdə KOBİA-nın sahibkarlara göstərdiyi dəstək və xidmətlər, KOB dostu mexanizmi ilə bağlı məlumatlandırıcı filmlər nümayiş olunub, sahibkarların sualları cavablandırılıb.
Sonra tədbir iştirakçıları Zaqatala Heydər Əliyev Mərkəzində yerləşən KOB dostu ofisində sahibkarların qəbulu, onlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar. KOB dostu ofisində “KOB könüllüləri” də fəaliyyət göstərəcək.
Həmin gün KOBİA-nın nümayəndələri Zaqatala rayonunda fəaliyyət göstərən KOB İnkişaf Mərkəzində (KOBİM) də olublar.


Son xəbərlər
Son Xəbərlər