Zaqatalada sahibkarlara güzəştli kredit verilib

zaqatalada-sahibkarlara-guzestli-kredit-verilib
Oxunma sayı: 836

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu oktyabrın 16-da Zaqatala rayonunda keçirib.

"Qafqazinfo" xəbər verir ki, forum çərçivəsində güzəştli kreditlərin verilməsi mexanizmi barədə treninq təşkil edilib, Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizmi, tütünçülük, bağçılıq, arıçılıq təsərrüfatlarının, quru tütün saxlanılması üçün anbar kompleksinin, fındıq emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının müəyyən etdiyi sosial-iqtisadi inkişaf kursuna uyğun olaraq, özəl sektorun davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini vurğulayıb. 

Bu layihələrin reallaşdırılması nəticəsində 50-dək yeni iş yeri açılacaq. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 119,7 milyon manat güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi forumda sahibkarların sualları cavablandırılıb, təklifləri dinlənilib.