Bakıda zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının - Namiq Yolçuyev, Tural Səfərəliyev, Samid Məmmədov, Teyyub Ağayev və Orxan Şahbazovun ölməsi faktı ilə bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində tapşırılıb. Hazırda iş üzrə zəruri ekspertizalar təyin olunmaqla, müvafiq dövlət qurumları ilə birgə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İstintaqın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.