Zefer.az saytı təqdim olundu - Fotolar

zeferaz-sayti-teqdim-olundu
Oxunma sayı: 4529

Vətən müharibəsindəki qələbəyə həsr olunmuş “Zəfər” (www.zefer.az) saytı ictimaiyyətə təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində dövlət rəsmiləri, QHT nümayəndələri, media qurumlarının rəhbərləri, ictimai-siyasi xadimlər iştirak ediblər.

Təqdimat zamanı 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova saytın Prezident İlham Əliyevin tapşırığı ilə yaradıldığını bildirib. O qeyd edib ki, sayt ensiklopedik formatda və üç dildə fəaliyyət göstərəcək: "Vətən müharibəsindəki Zəfərimiz müasir Azərbaycan milli kimliyini formalaşdıran başlıca amilə çevrilir. Tarixi ədalət, beynəlxalq hüquq, ərazi bütövlüyü və milli ləyaqətimizin bərpası yalnız Azərbaycan milli ruhunun qələbəsi deyil, həm də son iki əsrdə beyinlərə yeridilmiş komplekslərin tamamilə dağıdılmasıdır, xalqımızın özünə inamını bərpa edən, xalqımızı özgüvənli millətə çevirən və yaxın 50-100 ildə istinad nöqtəsi olacaq yeni mənəvi dönüş nöqtəsidir. “3+3” formatında kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması Azərbaycanın açıq dənizlərə çıxışını təmin edəcək, Naxçıvanla nəqliyyat əlaqələrinin bərpası Türk dünyasını birləşdirəcək və nəticədə ölkəmizin regional perspektivlərini və meqaregionda əhəmiyyətini yaxın 10 illiklər üçün daha da artıracaq. Yaranmaqda olan yeni regional dəhlizlər şəbəkəsi sülhün qarantı olmaqla, Azərbaycanın bu sahədəki imkanlarını diversifikasiya etməyə imkan verəcək, iqtisadi gücünü, ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə yüksəldəcək, regionun geo-iqtisadi xəritəsini dəyişəcək. Beynəlxalq münasibətlərdə ənənəvi davranış qaydaları artıq tükənir. Güc amili ön plana çıxır. Biz buna hazır olmalıyıq. Ona görə, biz hər zaman özümüzə güvənməliyik, daha güclü olmalıyıq, heç kimdən asılı olmamalıyıq. Bizim üzərimizə düşən missiya isə bu Zəfər salnaməsini yazıya və lentə almaqla gələcək nəsillərə çatdırmaq, hər şeyi ilkin mənbədən, olduğu kimi, təhrif olunmadan dünyaya çatdırmaqdır. Ensiklopedik formatda, 3 dildə fəaliyyəti nəzərdə tutulan Zəfər portalının missiyası məhz buna hədəflənib”.

Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc qeyd edib ki, Azərbaycan xalqı regional və beynəlxalq şərtləri ədalət və haqq mübarizəsi naminə məharətlə dəyişdirə bilib: “Ona görə də savaşda qazanılan qalibiyyət qədər heç bir “uğur hekayəsi” bir xalqı dünya xəritəsində qalıcı və güclü etmir. Yüzlərlə ədəbi, bədii, elmi nümunələrin yaradılması, yaddaş kitablarının yazılması, ordumuzun qəhrəmanlığından bəhs edən gerçək tarixin daş salnamələrə köçürülməsi indiki və gələcək nəsillər qarşısında fövqəladə vəzifələr qoyur. Zəfər.az informasiya platforması milyonlarla azərbaycanlının yaradıcı gücünü və enerjisini bir araya gətirmək, 44 günlük müqəddəs savaşın hər bir səhifəsini tarixin silinməz “hard disk”inə çevirmək üçün böyük fürsətlər açır”.

Daha sonra “azvision.az” saytının baş redaktorunun müavini Səbinə Həsənova www.zefer.az saytını təqdim edib. O qeyd edib ki, saytın ideyası və konsepsiyası Prezident Administrasiyasına məxsusdur. Dizayn və proqramlaşdırma işləri “Webcoder” şirkəti, məzmun hissəsinin hazırlanması və sayta doldurulması “Azvision” şirkəti tərəfindən həyata keçirilib. Ümumilikdə 12 bölüm, 62 alt-bölüm üzrə 4000 səhifə, 7765 şəkil və 757 videodan ibarət olan sayt Azərbaycanın 44 günlük Vətən Müharibəsinin virtual salnaməsidir və həmin günlər ərzində hərbi, siyasi-diplomatik, informasiya və ictimai müstəvilərdə baş verən bütün əsas hadisələri əhatə edir. Sayt ensiklopedik formatda hazırlanıb, Vətən Müharibəsi və “Böyük qayıdış”la bağlı məlumatları özündə əks etdirir. İlkin olaraq Azərbaycan dilində yaradılan saytın ingilis və rus dillərində də olması nəzərdə tutulur.

Tədbirdə çıxış edən xüsusi təyinatlı qüvvələrin kapitanı, Vətən Müharibəsi qazisi Vasif Dilavərzadə müharibənin itkisiz, ağrısız, zəhmətsiz olmadığını bildirib: “Mən bir Xüsusi Təyinatlı mənsubuyam. 44 günlük döyüşlərdə xüsusilə fərqlənən xüsusi təyinatlılar bunun üçün illərlə böyük fədakarlıqlar göstərmiş, işinə, xidmətə məsuliyyətlə yanaşmış və vicdanla çalışmışlar. İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycan xalqının əzmini, ordumuzun döyüş qabiliyyətini gördü, vətənpərvər azərbaycanlıların milli birliyinin, öz Ali Baş Komandanını dəstəklədiyinin, onun ətrafında sıx birləşdiyinin şahidi oldu”.

 

Amin Nəzərli

Fotolar: Pərvin Zeynal