Zelenski ailəsinin keçənilki gəliri açıqlandı

zelenski-ailesinin-kecenilki-geliri-aciqlandi
Oxunma sayı: 6509

Ukrayna Prezidenti Vladimir Zelenski ailəsinin 2019-cu ildəki gəliri barədə bəyannamə dərc edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Ukrayna prezidentinin ailəvi gəliri 28 milyon 602 min 468 qrivna ( 1 milyon 59 min dollar) təşkil edib. Zelenski ailəsi dövlət büdcəsinə 3 milyon 600 min qrivna (133 min dollar) vergi ödəyib.

“2019-cu ilin mayından Vladimir Zelenski sahibkarlıq fəaliyyəti ilə məşğul deyil və yalnız Dövlət İşlər İdarəsindən maaş alır”, - deyə prezidentin ofisindən bildirilib. Ukrayna liderinin 2019-cu ildə may-dekabr aralığında gəliri 208 min 787 qrivna ( 7 min 731 dollar) təşkil edib.

2019-cu ildə Zelenski ailəsi 5 milyon 200 min qrivna (192,5 min dollar) qiymətli kağız alıb, Kiyevdə prezidentin xanımına məxsus 4 milyon 423 min qrivna (163,76 min dollar) məbləğində daşınmaz əmlakı satıb. Onlar Böyük Britaniyadakı mənzillərinin kirayə verilməsi nəticəsində 3 milyon 200 min qrivna (118,46 min dollar) gəlir əldə ediblər. Bundan başqa, Zelenski “Kvartal-95 Studiyası”nın keçmiş bədii rəhbəri Sergey Şefir ailəsinə Ukraynanın 12 müəssisəsinin korporativ hüquqlarını satıb. Buradan isə 246 min 144 qrivna (9,1 min dollar) gəlir əldə edib.