Zelenski nümayəndə heyətinin qarşısına bu tələbi qoyub

zelenski-numayende-heyetinin-qarsisina-bu-telebi-qoyub
Oxunma sayı: 6327

“Kiyev nümayəndələri Rusiya tərəfinin nümayəndə heyəti ilə danışıqlarda Ukrayna və Rusiya Prezidentləri arasında görüşün təşkil olunması üçün bütün səylərini ortaya qoymalıdırlar”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Hər iki ölkənin nümayəndə heyətlərinin üzvləri videoformatda əlaqə qururlar. Bizim nümayəndə heyətimizin dəqiq tapşırığı var. Bu, Prezidentlərin görüşünün keçirilməsi üçün hər şeyi etməkdir. Əminəm ki, insanlar bu görüşü gözləyir”, - deyə Zelenski söyləyib.

Qeyd edək ki, bu gün Rusiya və Ukrayna arasında videobağlantı vasitəsilə danışıqlar davam etdiriləcək.

Xatırladaq ki, fevralın 28-də Belarusun Qomel vilayətində ilk Rusiya-Ukrayna danışıqları keçirilib. Martın 3-də Belovejskaya Puşçada keçirilən danışıqların ikinci raundunun nəticələrindən biri tərəflər arasında sakinlərin təxliyəsi üçün humanitar dəhlizlər haqqında razılaşma olub.

Martın 7-də Brest vilayətində nümayəndə heyətləri üçüncü dəfə görüşüblər. Martın 10-da Türkiyənin Antalya şəhərində keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrovla Dmitri Kuleba arasında da görüş keçirilib.