Zelenski Rusiyanın yeni hədəfini açıqladı

zelenski-rusiyanin-yeni-hedefini-aciqladi
Oxunma sayı: 4236

Ukrayna Prezidenti Volodimr Zelenski və yüksək səviyyəli Ukrayna rəsmiləri müharibənin 70-ci günü yaxınlaşarkən Rusiyanın məqsədinin “aclıq yaratmaq” olduğunu iddia ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski Rusiya qüvvələrinin aclıq yaratmaq üçün taxıl anbarlarını hədəfə aldığını bildirib.

Zelenski həmçinin Rusiyanın Qara dəniz limanlarını blokadaya aldığına görə, Ukraynanın on milyonlarla ton taxıl itirəcəyini və bunun da  Avropa, Asiya və Afrika regionuna təsir edəcəyini qeyd edib.

Avstraliyanın “60 Dəqiqə” xəbər proqramına danışan zaman Zelenski “Rusiya gəmilərin giriş-çıxışına icazə vermir, Qara dənizə nəzarət edir. Rusiya ölkəmizin iqtisadiyyatını tamamilə bloklamaq istəyir”, -deyib.

Digər tərəfdən Ukrayna Rusiyanı raket hücumunda taxıl anbarını hədəfə almaqda da ittiham edib. Ukraynanın İnsan Haqları üzrə Ombudsmanı Lyudmila Denisova bildirib ki, Rusiya qüvvələri Ukraynada aclıq yaratmaq üçün qarşılarına hədəflər qoyublar.

Denisovanın açıqlamalarını təsdiqləyən Zelenski Teleqramda verdiyi açıqlamada, "Seçdikləri hədəflər bir daha sübut edir ki, müharibə Rusiya ordusu üçün məhvetmə müharibəsi idi. Onlar kənd təsərrüfatı anbarlarını hədəfə aldılar" ,- qeyd edib.