Zelenskidən Putinə mesaj - “Ukraynalıları pasportunuzla aldatmayın”

zelenskiden-putine-mesaj
Oxunma sayı: 1619

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinə ilk dəfə müraciət edib.

“Qafqazinfo”nun xəbərinə görə, o, feysbuk səhifəsində Ukrayna və rus dillərində post paylaşaraq Rusiya hökumətinə Ukrayna vətəndaşlarını bu ölkənin pasportları ilə aldatmamağı məsləhət görüb.

“Bu prosesə vaxtınızı itirməyin. Bəlkə kimsə bununla qazanc əldə etmək və ya cinayət istintaqından qaçmaq cəhdi üçün razılaşacaq”, - deyə Zelenski bildirib.

O, bu məqamda Ukrayna vətəndaşlarının siyahısını təqdim etməyə hazır olduğunu əlavə edərək vəzifə səlahiyyətlərindən sui-istifadə edən yüksək vəzifəli məmurlar üçün yaxın zamanlarda ölkədə yaşamağın narahat olacağını söyləyib:

“Biz, ukraynalılar öz ölkəmizdə söz azadlığına, azad KİV və internetə sahibik. Buna görə də Rusiya pasportunun nə üçün verildiyini həqiqətən yaxşı bilirik. Rusiya pasportu dinc etirazlara görə həbs olunmaq, azad və rəqabətin olduğu seçkilər hüququna malik olmamaq, azad insan hüquqlarının olmamağı deməkdir. 

Ukrayna vətəndaşı olmaq- bu, azadlıq, şərəf və qürurdur. Bu, müdafiə etdiyimiz və edəcəyimiz vətəndaşlıqdır. Ukrayna keçmiş sovet ölkələri üçün demokratiyanın nümunəsi kimi xidmət etmək missiyasından imtina etməyəcək”.

Zelenski rəsmi Moskva ilə danışıqlara hazır olduğunu da bəyan edib: “Ümid edirəm ki, növbəti Normand formatında görüşdə Rusiya gərginliyə son qoymağa hazır olduğunu nümayiş etdirəcək. Bu hazırlığın konkret təsdiqi vətəndaşlarımızın “bütünlüklə” qarşılıqlı mübadiləsi olmalıdır. İstisnalar olmamaqla... Biz Ukrayna və Rusiya vətəndaşlarının birgə yaşaması üçün yeni şərtləri müzakirə etməyə hazırıq”.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin aprelin 24-də Ukraynanın şərqində Rusiyayönümlü separatçıların nəzarətində olan Donetsk və Luqansk vilayətlərində yaşayanlara Rusiya vətəndaşlığının verilməsini asanlaşdıran sərəncam imzalayıb.