Zəlzələdən iki gün sonra tətilə gedən İmamoğlu tənqid olundu - Fotolar

zelzeleden-iki-gun-sonra-tetile-geden-imamoglu-tenqid-olundu
Oxunma sayı: 2947

İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu yanvarın 24-də Elazığ şəhərində baş vermiş güclü zəlzələdən iki gün sonra Ərzurum şəhərinə istirahətə yollanıb.

“Qafqazinfo” xəbər verir ki, ailəsi ilə Palandöken xizək mərkəzində dincələn siyasətçi öz tvitter mikrobloqunda fotolar paylaşaraq “Semestr fasiləsi səbəbiylə uşaqlarım və həyat yoldaşımla Ərzurumun gözəlliyini hiss etməyin xoşbəxtliyini yaşayırıq. Ölkəmizin hər guşəsi başqa bir dəyərdir, başqa bir cənnətdir. Türkiyə davanın deyil, sevginin mərkəzi olmalıdır” qeydini yazıb.

Bundan sonra İmamoğlu Elazığ sakinlərinin çətin dönəmində istirahət etdiyinə görə tənqid olunub. Məlumata görə, İBB rəhbəri ünvanına səsləndirilən tənqidlərə baxmayaraq, hazırda istirahətinə davam edir. 

Qeyd edək ki, keçən yay İstanbulda baş verən sel fəlakəti zamanı İmamoğlunun Bodrumda tətildə olması da tənqidlə qarşılanmışdı. O açıqlamasında “İnsanlar tənqid edir deyə tətilə getməyəcəyəm?! İstirahət etmək istədikdə dincələcəm, istəməyəndə isə işləyəcəm. İldə müəyyən müddətə icazə haqqım var” deyə bildirmişdi.

Xatırladaq ki, yanvarın 24-də Elazığda baş vermiş 6,8 ballıq zəlzələ nəticəsində 41 nəfər ölüb, 1607 nəfər yaralanıb. 45 nəfər dağıntılar altından sağ çıxarılıb.