-Bilirsən, mən müharibəni yalnız filmlərdə görmüşəm. Hamımız bilirik ki, müharibə ölkələrdən çox fərdi faciələrdə böyükdür. Bir ara düşünürdüm ki, yazmaq üçün müharibəni görmək, yaşamaq da vacibdir. Qorxu dolu “podval”larda müharibəni iliyinə kimi hiss etməlisən, travmalarınla yazmalısan. Buna ehtiyac duyurdum, amma düşüncə olaraq nə qədər axmaq bir şey olduğunun fərqindəyəm. Mən olmayacağına inansam belə qorxuram, Maqa, müharibədən çox qorxuram. Vətən onda vətəndir ki, üzərində yaşayan insanım var. Mənə o torpaqlar lazım deyil ki, ata, qardaş, ərlərimiz öləcək. Neçə qadın ağlar qalacaq. Qızıl teştə qan qusacamsa, neynirəm o teşti? Bəlkə səhvəm? Müharibə bilirsən nə deməkdir, Maqa, bilirsən bu...
-Müharibə... Hə, müharibə... Özünü yorma. Babam danışırdı ki, bizim kənddə bir Xəccə arvad var idi. Arvadda demək düz çıxmır, qız uşağı idi. Heç vaxt ərə getməmişdi. O Xəccə nişanlısının qara kağızını 41-45-də almışdı. Yəqin ki, o vaxtı da indiki kimi ortalıqda görünməsə də gizlində sevgi yaşayanlar var imiş. Deyirmiş ki, o gələcək. Meydini görməsəm öldüyünə inanmaram. Şaxsuvardan başqası da mənə haramdır. İki bacı idilər. Bacısının adı da Sonaya idi. Yetim qız idilər. Xəccə Sonayadan böyük idi. Sonayanı böyüdüb qonşu kənddən özləri kimi bir yetim oğlana ərə verdi. Onların da bir qızları oldu. Qızlarının adını da Sevindik qoydular. Bəlkə də yetim adam üçün daha bir doğmasının artmasının sevinci elə qız uşağına oğlan adı qoymaq demək idi. Kənddən kənar öz daxmalarında meşəyə sarı xoşbəxt yaşayırdılar. Bir gün eşitdik ki, Sonayagilin evləri yanıb. Yuxuda imişlər. Necə olub yanğın olub heç bilmədik. Oktyabr ayı idi. Bəlkə odun sobasından olmuşdu yanğın. Yoxsa bu gənclərdən kimin nə alıb-verəmədiyi? Sonayanın əri əvvəl qızları Sevindiyi qaçaraq mal üçün olan su teştisinin içinə salıb çıxarıdı, sonra qundaqlı körpəni ağlar çöldə qoyur. Sonra Sonayanı çıxardanda xeyli yanıq xəsarəti alır. O çölə gedib-gələnə qədər alov evi alıbmış. Sonayanın əri üç gün zarıdıqdan sonra canını tapşırdı. Sonaya da çox çəkmədi, o vaxt dava-dərman da yox idi, beş-yeddi gün olar-olmazdı keçindi. Onda Xəccəyə tapşırdı ki, evlənərsən, uşağın olar, əgər onda Sevindiyimi balalarından ayırarsansa, ömür boyu əlim yaxanda qalar. Xəccə də and verdi ki, nə qədər ağlım başımdadır bu dünyada təkcə Sevindik üçün yaşayacam. Gözün arxada qalmasın. Sevindiyin 15-16 yaşı olardı “erməni-müsürman müharibəsi” düşəndə. Xəccə arvadda artıq yaşını-başını almışdı. Xeyli qocalmışdı. Bu qədər dərd də yaşını ikiyə vurmuşdu elə bil. Sevindik o qədər gözəl qız olmuşdu ki, bir dəfə kənddə dolanışığı hamıdan yaxşı, 35 yaşlı, 4 uşaqlı, arvadı olan göygöz Sadıx zorla onu qaçıranda Xəccə tüfənglə hücum edib, Sevindiyi Sadıxın əlindən zorla almışdı. Qızın sevin sözü ilə bağlı bütün mövcudluğu sanki elə bircə adında idi. O gözəl üzün sərt ifadədən başqa bir mimikasını görməmişdik. Elə lap uşaqlıqdan. Sanki körpə talesizliyinin bir ata-ana ölümü ilə qalmayacağını bilirmiş. Deyir qızın bəxti anasına çəkməsin. Axı elə Xəccəgil də gün görməmiş bədbəxtlər idi. Allah üçün Xəccə Sevindiyə çox yaxşı baxırdı. Alverçilər kəndə bir parça gətirməli deyildi. Xəccə tarlada işləməkdən qabar salmış o əllərinin zəhməti ilə qazandığı pulla qaçaraq parçaların ən bahalısından Sevindiyə paltarlıq alardı. O hamı ilə sərt danışan qadın Sevindiyə bir dəfə də olsun səsini qaldırmaz, güldən ağır söz deməzdi. Heç sevindik də onun bir sözünü iki eləməzdi. Axı onların bir-birindən başqa kimləri var idi? Hə, onu deyirdim axı. Rus müharibəni saldı, qaçhaqaç düşdü. Qaçhaqaçda erməni tutdusa, qocaları, uşaqları güllə ilə vurur, cavanları da əsir götürürdülər. Xəccə arvad gözünü xəstəxanada açanda Sevindik yox idi. Heç əsirlərin arasında da adı çıxmadı. Bilmirəm daha buna Xəccə arvadın neçənci itkisi deyim. Sevindiyin o körpəliyində olan yanğından bircə qulaq məməsi yığışmış, bir balaca xal kimi yanıq izi xatirə qalmışdı. Bir də ki, onda axı Xəccə Sonayaya söz vermişdi ki, ağlım başımda olduğu müddətcə Sevindik üçün yaşayacaq. Bu hadisələrdən sonra ağlını da itirdi. Kənddəki Erkək Xəccəyə burda Dəli Xəccə dedilər. Bir də görürdün gözəl-göyçək bir qız saçlarını açıq qoydumu, qaçıb qızın saçın dağıdıb, qulaq məməsinə baxırdı ki, görüm Sevindikdirmi. Bizim “obşitel”də bir qız-gəlin, zənan xeylağı onun qorxusundan saçın açıq qoymazdı. İndi bütün dövlətlərin müharibəsi elə bilirəm Xəccənin talehində gedirdi.