Zəngilan aeroportuna yeni IATA kodu təyin edilib

zengilan-aeroportuna-yeni-iata-kodu-teyin-edilib
Oxunma sayı: 1980

Zəngilanda yeni inşa edilən beynəlxalq hava limanına ZZE - yeni üçhərfli beynəlxalq kod təyin edilib.

“Qafqazinfo” “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) istinadən xəbər verir ki, müvafiq qətnamə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının sərnişin daşımalarına dair konfransında (IATA Passenger Services Conference) qəbul edilib.

Xəbəri rus dilində oxuyun: Зангиланскому аэропорту присвоен код IATA

“Zəngilan rayonundakı beynəlxalq hava limanı Şərqi Zəngəzurda mühüm infrastruktur layihələrindən biridir. O, regionun sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaqdır. Zəngilan hava limanına üç hərfli IATA kodunun təyin edilməsi burada iri və müasir logistika mərkəzinin yaradılması istiqamətində daha bir addımdır”, - deyə “AZAL” prezidenti Cahangir Əsgərov bildirib

Hava limanına təyin edilmiş unikal kod şəhərin (Zəngilan) və yerləşdiyi regionun (Şərqi Zəngəzur) adından istifadə edilərək yaradılıb.

IATA-nın üçhərfli hava limanı kodu sərnişin və yük aviadaşımalarının kommersiya təşkilinə xidmət edir. O, beynəlxalq təxsisetmə zamanı və aerovağzal komplekslərinin yerüstü xidmətlərinin fəaliyyətində, yəni beynəlxalq aviabilet satışı sistemlərində, uçuş cədvəlində, hava əlaqəsində və sairədə istifadə olunur.

Xatırladaq ki, daha əvvəl ICAO Zəngilandakı beynəlxalq hava limanına UBBZ – dördhərfli kodu təyin etmişdir.

Zəngilanda beynəlxalq hava limanının inşası 2021-ci ilin yazında başlayıb.

Zəngilanda beynəlxalq hava limanının tikintisi işlərinin bu ilin sentyabr ayında başa çatdırılması planlaşdırılır. Burada bütün tip sərnişin və yük təyyarələri eniş edə bilər.

Zəngilan beynəlxalq hava limanının uçuş-eniş zolağının uzunluğu 3 000 metr, uzunluğu isə 60 metrdir.

Hava limanı terminalının buraxılış qabiliyyəti saatda 200 sərnişin üçün nəzərdə tutulub.