Zəngilanda Enerji təminatı məsələləri üzrə İşçi Qrupunun iclası keçirildi

zengilanda-enerji-teminati-meseleleri-uzre-isci-qrupunun-iclasi-kecirildi
Oxunma sayı: 1242

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Enerji təminatı məsələləri İşçi Qrupunun Zəngilan rayonunun Ağalı kəndində iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclası açan Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev enerji təhlükəsizliyinin vacibliyini vurğulayıb.

Prezidentin xüsusi nümayəndəsi, həmçinin işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarının bərpa olunan enerji potensialından və burada həyata keçirilməsi planlaşdırılan layihələrin əhəmiyyətindən danışıb.

Sonra Azərbaycan Prezidentinin Administrasiyasının şöbə müdirinin müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov Əlaqələndirmə Qərargahının fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri Əlaqələndirmə Qərargahı çərçivəsində aidiyyəti qurumlararası fəal əlaqələndirmə təmin olunmaqla sürətlə davam edir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrasına dair təqdimat nümayiş etdirilib. Bildirilib ki, bu ərazilərdə bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanan “yaşıl texnologiyalar”ın tətbiqinə başlanılıb və konsepsiya ilə nəzərdə tutulmuş tapşırıqlar binaların və digər obyektlərin layihələndirilməsi mərhələsində nəzərə alınır.

İşğaldan azad olunmuş ərazilərdə ötən dövr ərzində yarımstansiyaların tikintisi, elektrik xətlərinin çəkilişi, dayaqların və transformatorların quraşdırılması istiqamətində görülən işlər, reallaşdırılmaqda olan layihələrin icra qrafiki və planlaşdırılan işlər barədə məlumat verilib. Bu ərazilərin, xüsusilə də Laçın rayonunun birinci mərhələdə qazlaşdırılması planlaşdırılan Zabux və Sus kəndlərinə təbii qaz təchizatına dair təqdimat dinlənilib.

Sonra İşçi Qrupun əvvəlki iclaslarında müəyyənləşdirilmiş qərarların icrası ilə bağlı yerinə yetirilən tədbirlər nəzərdən keçirilib, iclasda müzakirə edilən məsələlərin həlli istiqamətində yeni qərarlar qəbul edilib.

Daha sonra İşçi Qrupun üzvləri Zəngilan rayonunun Ağalı kəndi ərazisində inşa edilmiş “ağıllı kənd”in enerji infrastrukturu, o cümlədən kiçik su elektrik stansiyası - “Arximed” qurğusuna baxış keçirib, perspektiv planlarla tanış olublar.