“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Zərdabda dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlərin davamı olaraq 10 may 2023-cü il tarixdə Heydər Əliyev parkında ümumrayon tədbiri keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Qarabağ müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Ümummilli Liderin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən Heydər Əliyev Mərkəzində Ulu öndərin rayona səfərlərini əks etdirən fotosərgiyə baxış keçirilib.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə açaraq Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşdırılmasında, Azərbaycançılıq məfkurəsinin mühüm elementlərinin inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.
Bildirilib ki, müasir Azərbaycan tarixinin bir çox parlaq səhifələri, heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin adı ilə, onun irimiqyaslı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır. Vurğulanıb ki, Ulu Öndərin 1969-cu ildə siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycan böyük quruculuq və yaradıcılıq mərhələsinə, həyatın bütün sahələrində sürətli inkişaf və tərəqqi yoluna qədəm qoyub. Bu dövrdə milli gəlir, sənaye və kənd təsərrüfatında ümumi məhsulun həcmi dəfələrlə artıb, iqtisadiyyatın inkişaf etdirilməsinə əvvəlki onilliklərdə olduğundan daha çox əsaslı vəsait qoyulub, yüzlərlə iri zavod və fabrik tikilərək işə salınıb. Həmin illərdə digər sahələr ilə yanaşı, iqtisadiyyatın inkişafı istiqamətində də mühüm işlər görülüb. Hələ o illərdə bu tədbirləri həyata keçirən dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın gələcəyini və bugünkü müstəqilliyini düşünürdü. Bu gün Prezident İlham Əliyev Ümummilli liderin siyasi kursunu uğurla davam etdirir.
Tədbirin sonunda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsrin adamı 100” sənədli film nümayiş olunub.
Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Zərdab rayon mədəniyyət mərkəzinin qarşısında konsert proqramı təşkil edilib. Tədbirdə tanınmış incəsənət ustaları və rayonun mədəniyyət kollektivləri konsert proqramı ilə çıxış edib, sonda atəşfəşanlıq təşkil edilib.







Son xəbərlər
Son Xəbərlər