Zərərçəkmişlər məhkəməyə gəlmir

zerercekmisler-mehkemeye-gelmir
Oxunma sayı: 759

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.

Mikiyeva Sevda və Rübabə Əhmədova yanğın zamanı mənzillərinin yanmadığını, amma yanğınsöndürən maşınların suyundan və tüstüdən ziyan dəydiyini deyiblər. Onlar bununla bağlı heç bir təzminat almadıqlarını bildiriblər.

Hakim deyib ki, ittiham aktında R.Əhmədovanın mənzilinə dəymiş zərərin miqdarının 1300 manat göstərilib. Zərərçəkmiş şəxs bundan məlumatsız olduğunu deyib.

Digər zərərçəkmiş şəxslər prosesdə iştirak etməyib. Hakim isə onlar üçün hətta avtobus ayırdıqlarını deyib. Növbəti iclasda zərərçəkmişlərin məhkəməyə məcburi gətirilməsi məsələsinə baxılacaq.

Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib.

Murad Əhməd