Zeynəb Məmmədyarovadan narazılıq - “Məvaciblər yüksəldilməlidir”

zeyneb-memmedyarovadan-naraziliq
Oxunma sayı: 5161

Şahmat millimizin üzvü  Zeynəb Məmmədyarova sosial şəbəkə hesabında Azərbaycan Şahmat Federasiyasından narazılıq edir. 

 “Qafqazinfo” xəbər verir ki, o, bu il dünya kubokunda çıxış edəcək şahmatçılar - Türkan Məmmədyarova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyevanın timsalında maddi dəstəyə ehtiyacı olan təmsilçilərimiz barədə qeyd edib:

“Dünya kubokunda çıxış edəcək xanım şahmatçılarımız üçün maddi köməkliyə çox ehtiyac var. Bu baxımdan əfsuslar olsun ki, onlara köməklik göstərilmədi. Bu şahmatçılardan biri - bacım Türkan Məmmədyarovadır. Digər şahmatçılarımız Günay Məmmədzadə və Ülviyyə Fətəliyevadır.
 
Dünya kuboku fərqli elitar bir yarışdır və 2 ildən bir keçirilir. Bu yarışa qatılacaq dünya üzrə 64 qadın şahmatçıdan 3-ü azərbaycanlı qızıdır! Bir neçə il öncə ölkə rəhbərliyinə mən və Azərbaycanın digər xanım şahmaçıları məktub yazıb, kömək istəmişdik. Məktubla əlaqədar idman nazirliyi bizi dəvət etdi və problemimizlə maraqlandı və həmin il mənimlə bacımın beynəlxalq yarışlarda iştirakı təmin edildi.
 
Ancaq təəssüf ki, şahmatçıların kommersiya tipli yarışlarda iştirakını təmin etmək İdman və Gənclər Nazirliyinin öhdəliyində deyilmiş.Yalnız rəsmi yarışlarda iştirakımızı təmin etməlidirlər. Şahmatda isə bütün yarışlar kommersiya tiplidir.
 
Mükafat zənnimcə, bütün idman növlərinin yarışlarında olur, eləcə də şahmatda. Belə çıxır ki, şahmatçılar heç bir beynəlxalq yarışa qatılmalı deyillər? Axı bu yarışlara getmək böyük xərcdir. Bəs təcrübə hardan qazanılacaq?

Bu məsələ ilə əlaqədar mən şəxsən nazirimizə son görüşümüzdə müraciət etmişəm və bu məsələnin müsbət həlli ilə məşğul olacağına söz verib.
 
Bundan əlavə, xanım şahmatçılarımızın dünya kubokuna hazırlıqları üçün çox vacib olan məşqçilərdə lazımdır. Bəs bu məşqçilərə ödənişlər? Axı buna şahmatçılarımızın gücü çatmaz.

Stipendiya məsələsi isə başqa bir problemdir. Bakıda Dünya Şahmat Olimpiyadası keçiriləndə stipendiyalar xanım şahmatçılarda 2000 AZN, kişi milli komandamızda isə çox yüksək idi.

Olimpiada bitdi və stipendiyalar xanım şahmatçılarda 700 AZN-ə endi. Bundan sonra 2 dəfə devalivasiyanı da nəzərə alsaq, peşəkar və milli komanda idmançısı üçün bu minimum bir rəqəmdir. Çünki heç bir peşəkar oyunçu 700 manata şahmata həyatını, zamanını həsr edə bilməz. Adi şahmat məşqçisi belə özəl dərs verməklə bundan 3 qat çox qazana bilir!
 
Qrossmeyster 700 manatla necə ehtiyacların qarşılaya və bayrağını beynəlxalq arenada ucalda bilər? Fikrimcə, öz işində qrossmeyster olan hər bir peşə sahibi daha yüksək məvacib almalıdır...
 
Hörmətli və dəyərli komanda yoldaşım Günay Məmmədzadə sonda səsini xalqa və lazımı ünvanlara çatdırdı.

Səsimizi ucaldaq ki duyulsun”.