Azərbaycan Prezidenti İlham Əliyev respublikada COVİD-19 virusu ilə mübarizə tədbirlərinə başlanılan ilk günlərdən etibarən ölkə vətəndaşlarının sağlamlığını, sosial təminatının qorunmasını əsas vəzifələr kimi müəyyənləşdirərək, dövlət qurumları və özəl sektora aid şirkətlərin diqqətini bu sahəyə yönəltməyi tapşırıb.
“Qafqazinfo” xəbər verir ki, “Zeytun Pharmaceuticals” MMC şirkəti ölkədə yeni növ koronavirus infeksiyasının laborator müayinəsini həyata keçirmək üçün 50 000 nümunəlik PZR müayinə dəstini təmənnasız olaraq Səhiyyə Nazirliyinə təqdim edib.
ÜST-ün təlimatlarına görə, COVİD-19 koronavirus təhlilləri tərs transkripsiyalı polimeraz zəncir reaksiyası (PZR) ilə aparılmalıdır. Tövsiyələrdə deyildiyi kimi, bu hal-hazırda koronavirus infeksiyasının ən doğru və etibarlı bir diaqnostik üsuludur. İnsanın bioloji materialında hətta çox az miqdarda virusun aşkarlanmasına və inkubasiya dövründə xəstəliyi müəyyən etməyə kömək edir. “Zeytun Pharmaceuticals” tərəfindən təqdim olunan müayinə dəstləri dərhal Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
Qeyd edək ki, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi Azərbaycanda koronavirusun diaqnostikasını aparan ən böyük laboratoriyadır. Virusa yoluxduğu şübhə doğuran şəxslərdən götürülən nümunələr burada testlər vasitəsilə yoxlanılır.
Səhiyyə Nazirliyinin rəhbərliyi pandemiya ilə mübarizə dövründə “Zeytun Pharmaceuticals”ın dəstəyini təqdirəlayiq hesab edib, şirkətə minnətdarlığını bildirir. Dövlət tədbirlərinə daim dəstək verən bu şirkət Prezidentin təşəbbüsünə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait də köçürüb.
Son xəbərlər
Son Xəbərlər