Beş-altı il əvvəl “Şıxov” çimərliyində olanda qumun üstünə səpələnmiş şüşə qırıntıları ayağımı kəsmişdi. Amma həmin vaxt məni ərazidə hökm sürən anti-sanitariya şəraiti daha çox narahat etmişdi. Qarpız qabıqları, boş şirə qutuları və yemək qalıqları xəstəlik mənbəyi olan müxtəlif həşaratların əraziyə toplanmasına səbəb olmuşdu. Beş addımlığımızda dayanmış gənc bir qadın isə qollarının arasına aldığı övladının təbii ehtiyacını ödəməsi üçün zümzümə etməklə məşğul idi...
Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın Xəzər dənizini zəbt etməyə çalışan oliqarxlarla mübarizəsini həmişə təqdir etmişəm. Zeynəb xanım kimi mən də o fikirdəyəm ki, Xəzər dənizi milli sərvətimiz olduğu üçün heç bir oliqarx onun sahillərinə girişi qadağan edə bilməz. Amma söhbət ondan gedir ki, hazırda Xəzər sahillərindəki pulsuz çimərliklərin heç birində istirahət etmək mümkün deyil. Səbəb bizim pintiliyimizdir. Çimərliyə gedən insanların böyük əksəriyyəti ətrafı daha çox zibilləmək üçün sanki bir-birilərilə yarışa girişiblər. Bəzi insanlar nəinki yemək qalıqlarını, boş şüşələri, hətta müqəddəs nemət saydığımız çörək qırıntılarını da gəlib-gedən adamların ayaqları altına səpməkdən çəkinmirlər...
Ötən həftə ölkəmizin cənub bölgəsində olarkən məşhur Yardımlı şəlaləsini görməyə getdik. Giriş qapısında 18-20 yaşlı bir gənc qarşımızı kəsdi: “Zəhmət olmasa, üst yolla gedin. Bu qapıdan ancaq müştərilərin girişinə icazə verilir”.
“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru, jurnalist dostum Niyaz Niftiyev oğlanın üstünə qışqırdı: “Camaatın yolunu kəsməyə sizə kim ixtiyar verib?!”
Cəmi beş-altı addım əlavə məsafə qət etməklə şəlalənin yerləşdiyi əraziyə çatdıq. Yaxınlıqda fəaliyyət göstərən restoranın bizə heç bir maneçiliyi yox idi. Əksinə, ərazidə vaxtaşırı təmizlik işləri aparıldığı üçün adamın könlü fərəhlənirdi. Üstəlik, heç kim qolumuzdan yapışıb, bizi restoranda yemək yeməyə məcbur etmirdi.
Ana təbiət Azərbaycan xalqından öz səxavətini əsirgəməyib. Masallıda mövcud olan müalicəvi “İsti su” bulaqları təbiətin ən böyük möcüzələrindən biridir. Ötən həftə cənub bölgəsində olanda bu əraziyə də baş çəkdik. Amma cəmi bir dəfə. Çünki ətrafda elə bir anti-sanitariya şəraiti hökm sürür ki, normal insanın ikinci dəfə ora ayaq basması mümkün deyil. Gördüklərimin hamısını yazıb, oxucuların ürəyini bulandırmaq istəmirəm. Bircə onu demək istəyirəm ki, bəzi insanlar zibillikdə eşələnməkdən zövq alırlar.
“İsti su” ərazisinə giriş pulsuzdur. Əgər sabah hansısa oliqarx bu əraziyə investisiya qoyub, girişi pullu etsə, hamımız etiraz bayrağını qaldıracağıq: “İsti su” təbiətin bizə hədiyyəsidir. Bu əraziyə daxil olmağı heç kim bizə qadağan edə bilməz!”
Amma unuduruq ki, təbiət “İsti su”yu bizə zibillikdə eşələnmək üçün bəxş etməyib...