“Zibilliyə atılan uşaqların çoxu təsadüfi cinsi əlaqədə dünyaya gəlib”

zibilliye-atilan-usaqlarin-coxu-tesadufi-cinsi-elaqede-dunyaya-gelib
Oxunma sayı: 1517

Çoxunun sıradan bir xəbər kimi oxuduğu, əslində isə bir insan faciəsindən bəhs edən “küçədən uşaq tapıldı”, “körpəni zibilliyə atdılar”, “küçədən tapılan uşaq aidiyyəti qurumlara verildi” kimi məlumatlara tez-tez rast gəlirik. Həmin körpələrin sayı və taleyi yəqin ki, çoxlarınıza maraqlıdır.

Qeyd edək ki, Bakıda atılmış körpələr 3 yaşınadək 1 saylı Körpələr Evinə verilir, 3 yaşdan sonra isə müvafiq uşaq evlərinə və internatlara yerləşdirilir.

"Qafqazinfo" xəbər verir ki,  1 saylı Uşaq Evinin baş həkimi Nəhayət Əliyeva hafta.az-a açıqlamasında bildirib ki, il ərzində təxminən 60-70 atılmış uşaq tapılaraq müəssisəyə gətirilir. Uşaq tapılandan sonra bu barədə tapıldığı ərazinin polis bölməsinə müraciət olunur. Bölmədə qeydiyyat apardıqdan sonra uşaq körpələr evinə göndərilir:

“Bundan başqa, doğum evlərində imtina edilmiş uşaqlar da bura köçürülür. Həmçinin ana dünyasını dəyişir və ya ağır xəstəliyə yoluxursa, ata övladına baxa bilməyəcəyini əsas gətirərək onu körpələr evinə verir. Atılmış uşaqların sayı həmişə çoxluq təşkil edib”.

Baş həkim deyir ki, araşdırmaya əsasən, atılmış və ya imtina olunan uşaqların çoxu təsadüfi cinsi əlaqə nəticəsində dünyaya gəlib. Buradakı körpələrin övladlığa verilməsinə gəlincə, müsahibimiz deyir ki, imtina olunmuş uşaq dərhal, atılmış isə 6 aydan sonra övladlığa verilə bilər:

“Valideynləri tərəfindən imtina ediləndən sonra körpələr evinə verilmiş uşaq 3 gün müddətində icra hakimiyyətlərinin qəyyumluq komissiyaları tərəfindən siyahıya alınır”.

Nəhayət Əliyeva hazırda 1 saylı Körpələr Evində 48 uşağın olduğunu, bundan başqa, 10 körpənin isə Qarayev adına Klinik Uşaq Xəstəxanası və 6 saylı Uşaq Xəstəxanasında müalicə olunduğunu bildirdi.