Nəqliyyat Nazirliyi “London taksiləri”ndə çalışan sürücülərin üzləşdiyi problemlərə münasibət açıqlayıb.
“Qafqazinfo” AzVision.az-a istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov açıqlamasında sürücülərin gündəlik planlarının qaldırılması, onların işdən çıxarılması ilə bağlı şikayətlərin təmsil etdiyi quruma aidiyatı olmadığını deyib.
Onun sözlərinə görə, “London taksiləri” “Bakı Taksi” MMC-yə aid olduğu üçün Nəqliyyat Nazirliyi bu məsələyə müdaxilə edə bilməz.
“Bakı Taksi” MMC müstəqil şirkətdir. Bunun Nəqliyyat Nazirliyinə heç bir aidiyyatı yoxdur. O vaxt “London taksiləri” Azərbaycana gətiriləndə həmin taksiləri şirkət öz boynuna götürmüşdü. Ona görə, nazirliyin məsələ ilə bağlı aidiyyatı yoxdur. Amma buna baxmayaraq bütün bu olaylardan xəbərdarıq”-deyə nazirlik sözcüsü qeyd edib.
Xatırladaq ki, bir neçə gün öncə Bakıda fəaliyyət göstərən “London taksiləri”nin sürücüləri etiraza qalxıblar. Onlar gündəlik planlarının qanunsuz olaraq qaldırılmasından şikayət edirlər. Belə ki, şirkət sürücülər qarşısında şərt qoyaraq gündəlik 34 manat plan vermələrini tapşırıb. Halbuki, plan bundan öncə 28 manat idi.
Bu olaydan şikayətlənən sürücülər Nəqliyyat Nazirliyindən kömək istədiklərini qeyd edirdilər.
***
"Qafqazinfo" xəbər verir ki, “Bakı Taksi” MMC Hafiz Məmmədovun sahib olduğu Baghlan Groupa məxsusdur. Artıq keçmiş şəriklər və yaxın dostlar olan Hafiz Məmmədovla nəqliyyat naziri Ziya Məmmədovun arasında problemlərin yaranması ilə bağlı bir müddətdir mətbuatda susmayan xəbərlər özünü doğruldur. Nəqliyyat Nazirliyinin yuxarıdakı açıqlaması məsuliyyətin tam olaraq "Hafka"nın boynuna qoyulmasına bir işarədir və dünən mətbuatda Ziya Məmmədova "London" etirazı başlığında gedən yazılara görə əslində kimin məsuliyyət daşıdığına eyhamdır. Hətta bu etirazların süni şəkildə "Hafka"ya qarşı təşkil olunduğu da istisna deyil.
Son vaxtlar iflas prosesi yaşaayn Hafiz Məmmədovun bu biznesinin də çökdürülməsinə start verildiyi hiss olunur.
Maraqlıdır ki, vaxtı ilə məhz Hafiz Məmmədov Ziya Məmmədovun şəriki və yaxın dostu olduğu üçün “Bakı Taksi” xidmətinə sahib olmuşdu. İndi isə dostlar arasında yaşanan problem o həddə çatıb ki, onlar bir-birlərini açıq şəkildə "vurmaqdan" çəkinmirlər. Bu prosesdə əslində vurulan tərəf "Hafka"dır. Cavid Qurbanov, Hafiz Məmmədov və Ziya Məmmədovdan ibarət "kruqun" dağılması və onların ağsaqqlı sayılan Ziya Məmmədovun niyə məhz Hafiz Məmmədovu hədəfə alması ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Bu məlumatlar, hətta ailə-məişət məsələlərin qədər gedib çıxıb...
Bu barədə bilgilərimizi dəqiqləşdirəndən sonra oxuculara təqdim edə biləcəyik.
Son xəbərlər
Son Xəbərlər