Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun müşaviri Çingiz Baxşıyev qohumu Rövşən Əhmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib.
Ç.Baxşıyevin vəkili Ceyhun Yusifov "Qafqazinfo"ya bildirib ki, artıq R.Əhmədovun səsləndirdiyi fikirlərlə bağlı şikayət ərizəsi Nərimanov rayon məhkəməsinə daxil olub.
Ç.Baxşıyev ərizəsində qeyd edib ki, R.Əhmədov onu 10-dan artıq ağır cinayətdə ittiham edib. O, şərəf və ləyaqətinin alçaldığını bildirərək R.Əhmədova Cinayət Məcəlləsinin 147.2-ci maddəsi üzrə cəzanın yuxarı həddində hökm verilməsini tələb edib. Həmin maddə üzrə cəzanın yuxarı həddində 3 ilədək həbs nəzərdə tutulur.
İddia ərizəsi məhkəmə baxışına qəbul edilib və hazırlıq iclası mayın 5-i hakim Samir Məmmədovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, Ç.Baxşıyev bundan öncə R.Əhmədovu 7 kiloqram qızılını mənimsəməkdə ittiham edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədova bəraət hökmü verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, bir neçə gün öncə Rövşən Əhmədov "Qafqazinfo"nun redaksiyasına gələrək sabiq müşavirlə bağlı ciddi ittihamlar səsləndirib. Bu linkdən yazını ətraflı oxuya bilərsiniz.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər