(Ziya Məmmədov cənablarına üçüncü və sonucu açıq məktub)
Hörmətli Ziya müəllim!
Məktubuma həmişəki kimi rus rəssamı Repinin mistikası ilə başlamaq istəyirəm. Əvvəl qələmə aldığım iki şanlı, lakin mərhəmətinizə duçar olmayan məktubumda bu haqda sizə ipucu vermişdim. Sizsə müdrikcəsində susdunuz. Sizi xəbərdar etmişdim, Repinin şəklini çəkdiyi adamlar tezliklə ölürdülər. Bu ölümlərin obyektiv səbəblər olmasına baxmayaraq, mistika göz qabağındadır.
Hörmətli nazir! Bilirəm, qanınız qaradır. Nəqliyyat nazirliyinin bel sütunu sayılan avtobuslar əlinizdən alınaraq, hörmətli məmur Hacıbala müəllimin ixtiyarına verilib. Bakı şəhərində avtobus biznesinə nəzarət etməyin nə qədər zövqlü bir iş olduğunu çətin ki, kimsə sizin qədər dərindən hiss edə bilsin. Məncə, sizi qınayan olmasa Bakının ən zirvəsi sayılan Teleqüllə kafesinə çıxar ordan ustad Nəsiminin “Ey müsəlmanlar, mədəd ol, yari-pünhan ayrılır, Ağlamayım neyləyim, çün gövdədən can ayrılır” qəzəli ilə fəğan edərdiniz.
Sizi başa düşürəm, hər gün avtobuslarla daşınan milyonlarla sərnişin sizin üçün milyonlarla 20 qəpik demək idi. İndi həmin 20 qəpiklər insafsızcasına əlinizdən alınaraq əğyara verildi. Əlbəttə, siz böyük ziyalı, humanist rəhbər olaraq qəpik söhbəti eləməyi özünüzə sığışdıran adam deyilsiniz. Qəpik sizlik deyil. Siz daha uca, daha dərin məfhumlarla düşünürsüz. Amma bütün bunların həqiqət olmasına baxmayaraq, adama təsir edir. Söhbət qəpikdən getmir, məsələ “vnimatelni” olmaqdadır.
Cənab nazir! Bəlkə də ürəyimdə sizə qarşı xoşagəlməz hisslərin olduğunu güman edirsiz. Qətiyyən elə deyil. Mənim yeganə istəyim Qaraçuxurdan Günəşliyə ictimai nəqliyyatın normal işlədiyi bir ölkədə yaşamaqdır. Vəssalam. İnansaz da, inanmasaz da belədir. Ümidvarm, avtobusların əlinizdən alınmağı ulu Tanrının sizə son xəbərdarlığıdır. Çünki əlinizdən alınması mümkün olan şeylərin yanında Bakı avtobuslarına nəzarətin itirilməsi dəryada bir damladır. Gəlin daşı tökün ətəyinizdən, nə qədər gec deyil, xalqın ürəyindən xəbər verin bir iş görün. 20 Yanvar ətrafındakı taksi desantına son qoyun. Yenə deyirəm, metrodan çıxanda taksi sürücülərinin əlindən az qala it-pişik olmaq istəyirəm. Hər şeyə razıyam, təki qolumdan yapışıb “Binə”, “Sədərək”, “Ceyranbatan” deyərək hayqırmasınlar. Mənə elə gəlir bu dəfə sözümə qulaq asacaqsız. İndiyə qədər mən sizin üçün 20 qəpik idim. Təsəvvür edin, 20 qəpik sizə məktub yazaraq, məsələn, 82 və yaxud 165 nömrəli marşrutda baş verən biabıqçı hadisələri nəql edirdi. Sizin qarşınızda duran kim idi? 20 qəpik. 20 qəpik utanmadan qüdrətli nazirə məktub yazaraq öz hüquqları haqda nəsə əbləh söhbətlər eləyirdi. 20 qəpik narazı idi. 20 qəpik nəqliyyat nazirliyinin yarıtmaz fəaliyyətindən qəzəblənmişdi. Lakin indi biz şahmat taxtasında yerimizi bir qədər dəyişmişik. Mən əvvəlki kimi 20 qəpik olsam da, sizin gözünüzdə maddi əhəmiyyətimi itirmişəm. Sovet dövründə deyildiyi kimi, daha sizin üçün maddi maraq kəsb etmirəm. Bəlkə də bu kövrək ümiddir, yalandır, lakin inanıram ki, məktubumu oxuyacaqsız və mənə 20 qəpik kimi yox, sıravi vətəndaş kimi baxacaqsız.
Selektorun düyməsini basıb bir kəlmə qəzəbli cümlə işlətməyiniz yetər ki, Bakının nəqliyyat probleminin 10-15 faizi həll olunsun. İnanın, bir söz yetər.
Məktubumun axırında bir söhbət də xırdalamaq istəyirəm. İmanlı və yüksək əxlaqlı bir ziyalı olaraq, heç şübhəsiz İmam Əlinin (ə) bu fikrindən məlumatlısız: ”Ən qulaqbatırıcı səs məzlumun susqunluğudur.” Biz məzlumlar indi susqun vəziyyətdəyik. Bu xalq sizdən çox şey istəmir. Marşrut avtobuslarında mədəniyyətsizliyə, tərbiyəsizliyə, siqaret çəkilməsinə son qoysaz, kifayətdir. Biz 20 qəpiklərin yeganə istəyi həyatımızı riskə atmadan, siqaret tüstüsüz bir avtobusda A nöqtəsindən B nöqtəsinə hərəkət etməkdir.
Sizdən Qarabağı almağı, kosmosa adam göndərməyi tələb etmirik ki?