Ziyalılar niyə susur?

ziyalilar-niye-susur
Oxunma sayı: 658

Hörmətli ziyalılarımız qorxurlar. İtirməkdən. Saxta yolla əldə etdiyi vəzifə və titulları itirmək qorxusundan. Onların əksəriyyəti həqiqi alim deyil və alim adını yalnız himayədarlıq, yerlibazlıq və siyasi göstərişlərlə alıblar. Əgər onlar alimlik dərəcəsinə yuxusuz gecələrin, əsl alim zəhmətinin hesabına yiyələnsəydi, mümkün deyildir ki, həqiqi alimlərə olan basqılara göz yumsunlar.

Üzü sovet dövründən bu günə qədər hakimiyyətdə olan qüvvələr ziyalıların susması üçün profilaktik iş aparıblar. Bu profilaktikanın ən çox eksperimental məkanı Azərbaycan olub. Azərbaycan ziyalısının ən çox eksperimentə məruz qaldığı dövr onların ovuna çıxıldığı bəlli dövrdən başlayır. Onlara yüksək maaş, vəzifələr verilib, ayrı-ayrı adlarla təltif ediliblər, ucuz qazanclar əldə etmələri üçün şərait yaradılıb və hakimiyyət onların ən kiçik nailiyyətlərini şişirdib ki, özlərinə tərifə meylləndirə bilsin.

Onlar görüb ki, həqiqi alim olmaq üçün heç də R.Əliyev digər böyük alimlərimiz kimi heç də ağır zəhmətə qatlaşmağa, zəka fədaisi olmağa və ömrünü-gününü eləmə həsr etməyə ehtiyac yoxdur. Təkcə ələbaxım olmaq, siyasi alətə çevrilmək, alqışlara qoşulmaq və bürokratlara yaltanmaq bəs edirmiş ki, onlar bu günə qədər ziyalıya yaraşmayan o sifətlərlə titul və vəzifələrini qoruya bilsinlər.

Bu gün Azərbaycanda ağır məqamlarda üz tutası, elminə zəkasına arxayın olası, cəsarətinə, fədakarlığına güvəniləsi tək-tək ziyalılar qalıb. Onlar hakimiyyətin buyruğuna girmək istəməyən, halal alim zəhmətlə yaşamağa üstünlük verən və xalqı ilə birgə nəfəs almaqdan qürur duyan ziyalılarımızdır. İndi vurulma növbəsi çatıb xalqın sözünü deyən, onun dərdini özünə anladan ziyalılara. Hesab edirlər ki, siyasi partiyalar, müxalif düşüncə, azad mətbuat üzərində apartdıqları mürtəce əməliyyatlar, repressiya və təzyiqlər edəndə də qabağa düşən, problemləri qabardan ziyalılara tətbiq edilməlidir.

Hakimiyyət Ziyalılar Forumunun son yığıncağından sonra bərk narahat olub. Özünü daxildə və xaricdə gülünc vəziyyətə qoyan addımlar atır. Dünya şöhrətli bir alimi ölkədəki problemləri dilə gətirdiyinə, sosial, iqtisadi, mənəvi sahələrdə yaranan katostrafik vəziyyətdən çıxış yolları göstərdiklərinə görə işdən azad edir və digərləri üzərində basqıları gücləndirilir. Bir tərəfdən elmin, təhsilin, mədəniyyətin bərbad hala düşməsindən akademik laflaer edilir, digər tərəfdən elmin mədəniyyətin ləyaqətlə keşiyində duran, ictimai münasibətlərin sağlamlaşmasına, ölkədə demokratik mühitin formalaşmasına təkan verən alimlər gözardı edilir.

Nə etsin, necə davranşı nümayiş etdirsin ki, bu davranışdan cənab rəsmilər razı qalsın. Hamını bir rəngdə, bəsit və oxşar düşüncədə görmək istəyi hakimiyyəti əsl ziyalıya qiymət verməkdən uzaq salıb. Gərək sənət və söz sahibləri, gərək alim və filosof, gərək mədəniyyət xadimləri əsl mətləbdən deyil, onların uğurundan danışsın ki, onların xoşuna getsin. Bu da mümkündür. Əgər uğurlar varsa, ictimai, siyasi sahələrdə ciddi nailiyyətlər əldə edilibsə. Hansı uğurdan söhbət gedə bilər ki, ölkənin beş faiz zənginin çıxmaq şərti ilə qalan əksəriyyət aclıq və səfalət içində çabalayır.

İşsizlik, gün çörəyinə yetməyən əmək haqqı, tətbiq edilən qul əməyi, istehsal sahələrinin iflic vəziyyətə salınması, yaşanan sosial fəlakətlər, korrupsiya və rüşvətxorluğun əhalini dizdən salması, monopoliyanın iqtisadiyyatı diz çökdürməsi- bütün bunlar ziyalıların dilə gətirdiyi və vəziyyətdən çıxış yolları göstərmək istədiyi məsələlər deyilmi? Siyasi tarazlığın pozulması, hüquqi nihilizmin hökm sürməsi, qanunsuzluq və özbaşınalığın son həddə çatdırılması, vətəndaş haqlarının və demokratiyanın gözardı edilməsi, siyasi məhbus məsələsi, göz dağımız olan Qarabağ probleminın uzadılması-ziyalıların narahatlıqla dilə gətirdiyi məsələlər deyilmi? Və normalda bu neqativlər deyilməli, ya üstündən keçilməlidir?

Bəs ziyalı xalqın görən gözü, döyünən ürəyi deyilsə onun harası ziyalı oldu. Ziyalının işi sazı əlinə, sözü dilinə gətirib hakimiyyətdə olanlara züy tutmaq deyil ki. İqtidarın düşünmək vaxtı daralır. Onlar gərək dünyada gedən inqilabi proseslərdən, dəyişilmələrdən nəticə çıxarsın, inqilaba, sosial kataklizmlərə sürüklənən ölkəni sağlam resurslar üzrə hərəkətə gətirmək barədə götür-qoy etsinlər. Qonşuluqda və dünyada gedən proseslərin heç də bizim xeyrimizə olmaması hər kəsə bəlli. Bu cür narahat məqamlarda millət bir araya gəlməli, iqtidarı, müxalifəti, adi insanı, ziyalısı bir olmaq, vahid cəbhədən çıxış etmək haqda düşünməlidir.

Suyun təmiz və safı gözəldir. Ziyalılar saflıq və təmizlik nümunəsidir. Onlar qorunmalıdır. Onlar müxtəlif üsullarla məhv edilməməlidir. Ziyalı adını daşıyan böyük kəsim onlardan fərqli düşünən ziyalı həmkarlarını qorumalı, onları məhv etmək istəyənlərə ziyalı təəssübkeşliyi ilə təpki göstərməlidir.

Nurəddin İsmayıl