Zuğulba sahilləri yenə hasarlanır - Video

zugulba-sahilleri-yene-hasarlanir
Oxunma sayı: 2423

Xəzərin sahilləri yenidən hasarlanmağa başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntüləri jurnalist İsgəndər Qənbərov sosial şəbəkə hesabında paylaşıb. O qeyd edib ki, Xəzərin Zuğulba sahilinə hasarlar çəkilərək dənizə sərbəst giriş məhdudlaşdırılıb. 

Onun sözlərinə görə, ötən il bu ərazidə belə bir şey olmayıb: “Əraziyə girmək üçün sadəcə iki yer var, o da restoranın həyətinə…Bu yolu da yeni açıblar, əvvəl yox idi. Digər hissədə isə qaya daşları gətirərək yolu bağlayıblar. Qaya parçaları hardan gəlib o da maraqlıdır”.

Xatırladaq ki, bir neçə gün əvvəl də bu ərazidə çimərliyin sahilyanı ərazisinin hasarlanması ilə bağlı məlumat yayılmışdı. Sakinlər dəniz kənarında hərəkətə mane olan hasarın sökülməsini istəyirdilər. 

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə və Xəzər Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq.  

Qeyd edək ki, Buzovnadakı sahillərdə ötən il də oxşar problemlər olmuşdu. İnsanların dəniz sahilinə sərbəst giriş-çıxışının təmin edilməsi ilə bağlı məsələ ölkənin gündəminə düşmüşdü. Sakinlərin çoxsaylı müraciətlərindən sonra zəbt edilən torpaq sahələrinin hasarları, ərazidə bəzi sənədsiz tikililər, çimərlik ərazisinə daxil olmağa mane olan sədlər sökülmüşdü. 

Ötən il sözügedən ərazilərdə aparılan söküntü prosesindən fotoları təqdim edirik: