Zukerberq məhkəməyə verilir

Zukerberq məhkəməyə verilir
Oxunma sayı: 1371

Vaşinqtonun Baş prokuroru Karl Rasin “Meta” şirkətinin baş direktoru Mark Zukerberqi istifadəçi məlumatlarının “Cambridge Analytica” analitik firması ilə paylaşması ilə bağlı qalmaqala görə məhkəməyə verir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS  məlumat yayıb.

Agentliyin məlumatına görə, Rasin hesab edir ki, “Meta”ya məxsus feysbuk sosial şəbəkəsinin milyonlarla istifadəçisinin şəxsi məlumatlarının sızmasına səbəb olan qərarlarda Zukerberq birbaşa iştirak edib. Bundan əlavə, Baş prokurorun sözlərinə görə, sahibkar istifadəçiləri məxfiliklərinin qorunması ilə bağlı çaşdırıb.
"Bu iddia təkcə məqsədəuyğun deyil, həm də zəruridir, o, korporativ liderlərin, o cümlədən şirkət rəhbərlərinin öz hərəkətlərinə görə cavabdehlik daşıyacaqlarını açıq şəkildə göstərir", - Rasin bildirib.

Xatırladaq ki, 2019-cu ilin yayında feysbuk milyonlarla istifadəçinin şəxsi məlumatlarını “Cambridge Analytica” siyasi konsaltinq firmasına təhvil verdiyinə görə 5 milyard dollar cərimələnib. Bildirilib ki, təşkilatın əməkdaşları bu məlumatlardan siyasətçi Donald Trampın seçki kampaniyasının maraqları üçün istifadə ediblər.
Feysbuk istifadəçiləri haqqında məlumatların “Cambridge Analytica”ya ötürülməsi 2018-ci ilin yazında məlum olub. Medianın məlumatına görə, hadisə 90 milyona yaxın hesab sahibinə təsir edib.