Yazını oxudum və dərhal şərh yazıb təşəkkür bildirmək istədim. Amma sonuncu cümləni oxuyanda Akif Nağının bir-iki həftə əvvəl dediyi sözlər yadıma düşdü: “Torpaqlarının 20 faizi işğal altında olan bu ölkənin aslanlara ehtiyacı var...”
Əvvəlcə Seymura bir daha təşəkkür etmək istəyirəm. Yazı “Bəyin oğurlanması” filmində deyildiyi kimi ürəyə toxunandı. Amma Seymura bir iradım da var: “Uşaqların tərbiyəsini pozma!”
Seymura bir sualım var. Elmara və bu Vətəni Elmardan daha çox sevənlərə bu Vətən nə verdi? Seymur cavab verə bilər ki, “Vətəni təmənnasız sevmək lazımdı, Vətən nə verməlidir ki?”.
Onda Seymurun diqqətinə çatdırım ki, bu gün Vətən də, vətəndaş da Vətənə zərər verənləri sevir. Ətrafına diqqətlə bax. Gör son illərimizin, son günlərimizin qəhrəmanlıq simvolları kimlərdi. Axı sən bilməlisən ki, bu qəhrəmanlıq simvolları Azərbaycana nə qədər ziyan vurdu. Bilmirsənsə, çox pis. Bilirsənsə, xahiş edirəm uşaqların tərbiyəsini korlamayasan.
Seymura dediklərim Akif Nağını yadıma saldı.
Təxminən iki həftə əvvəl ANS-də “Müharibə, yoxsa sülh” mövzusunda proqramın çəkilişindən əvvəl fikir mübadiləsi edirdik. Müharibə tərəfdarı olan Akif Nağıya bildirdilər ki, axı imkanlı ailələrin övladları hərbi xidmətdən yayını, səngərdə çürüyən kasıb balalarıdır. QAT rəhbərinin fikirləri məni sözün həqiqi mənasında gicəlləndirdi. O bildirdi ki, bütün zamanlarda torpağı, Vətəni kasıblar, imkansızlar qoruyub, indi də müharibə başlasa, kasıblar vuruşacaq. Akif Nağı onu da vurğuladı ki, bu bəhanə ilə “müharibəyə hazır deyilik” demək olmaz.
Açığı Akif Nağıya həmişə hörmətlə yanaşıldığının şahidi olmuşam. Və ona hörmətlə yanaşanların arasında Vətənin, millətin anasını ağladanları görəndə hesab edirdim ki, bu adamların Akif Nağıya hörməti və məhəbbəti boğazdan yuxarıdır. Çünki, həmin qisim adamlar üçün Vətən, millət anlayışı yoxdur. O adamlar üçün ən vacibi puldur. Pulu sevənlərin dünya malında gözü olmayan Akif Nağıya belə hörmətlə yanaşmalarının səbəbi mənə artıq aydındır. Yəqin Sizlərə də aydın oldu. Bəlkə də Akif Nağı açıq şəkildə, çəkinmədən “müharibəyə kasıb balaları gedib, gedir və gedəcək” deyən yeganə ictimai-siyasi xadimdir. Həqiqəti, onların həqiqətini dediyinə görə də Akif Nağını sevir və hörmətlə yanaşırlar.
Hə, Seymur, indi fikirləş, Elmarın oğlu Vətənə qayıtsın?
Bəlkə bir yerdə Akif Nağıdan soruşaq.
Akif bəy, Elmarın oğlu Vətənə qayıtsın?