Sevgili və ana üçün...

sevgili-ve-ana-ucun
Oxunma sayı: 1186


“Yaxşı ki, yuxular var” deyirdim günlər öncə. Ramiz Rövşən demiş, özümü uşaq, ölənləri sağ görmək... şansım olurdu yuxularda. Hamı kimi. Sevinirdim.

***

Hamı razılaşar ki, səhərlər internetə baş çəkmək kabusa dönüb. Qorxulu xəbərlər eşitmək, dəhşət saçan fotolar görmək mümkün qədər sosial mediadan uzaq durmağa vadar eləyir adamı. Dəmir əsəb qalmayıb. Hallüsinasiya basır adamı. Vəhşiləşmiş, insanlıqdan çıxmış psixlərin edam səhnələrini elə entuziazmla paylaşırlar ki... Mazoxistcəsinə. Zövq alırlar elə bil.

“+18” xəbərdarlığı boş şeydi. Yaşı 18-ə qədər olanlar üçün belə temalar köhnəlib. Hansı yeniyetmə, bu xəbərdarlıq altında paylaşılan materiallardan bixəbərdi? Bəlkə yeniyetmələrin beynini yuyan, psixologiyasına mənfi təsir edən materiallar ümumiyyətlə, paylaşılmasın? Hər kəs öz evində böyüyən uşağı, yeniyetməni düşünsə, bunu eləməz. Reytinqmi vacibdi, yoxsa insan kimi insan böyütmək?

*** 

Eynicinslilərin nikahı haqda xəbərləri yaymağın rüsvayçılıq olduğunu yazan bir sosial şəbəkə istifadəçisi dayanmadan terrorçuların edam fotolarını, videolarını paylaşırdı. Adamın işi-gücü sosial şəbəkədə vəhşiliyi təbliğ eləməkdi. Bir ziyalı ona yazdı ki, eynicinslilərin nikahının təbliğatı qədər zərərlidi sənin bu paylaşımların. Adam, hücuma keçdi. Paylaşdığı fotolar, videolar onu potensial terrorçu kimi formalaşdırdmışdı.

*** 

Yuxulardan danışırdım axı... Rəngarəng, işıqlı yuxulardan. Həsrət qalmışdım onlara. Gündüz sosial şəbəkələrdə gördüyüm dəhşətlər gecə yuxularıma girirdi. Daha baxmıram o paylaşımlara. İzləmirəm o adamları.

Özünə qayıdır yuxularımın rəngi-ruhu.

Bu gecə qaraqaş, qaragöz, 12 yaşlı bir oğlan gördüm yuxuda. Əlində bir dəstə çiçək uzatdı narıncı paltarlı bir gəncə. Dedi ki, bu çiçəkləri bax, bu çəməndən yığmışam. Gəl, gedək, yenə yığaq. Sən sevgilinə hədiyyə edərsən, mən də anama.

Oyandım və tanış səhnəni xatırlamağa çalışdım: Bu, dünyanı dəhşətə gətirən həmin terrorçu uşaq idi. Narıncı kəfənli gənci tapança ilə vuran...