Hacı Məmmədovun “Da Vinçi kodu”

haci-memmedovun-da-vinci-kodu
Oxunma sayı: 6251

Azər Qismət

“Da Vinçi kodu” əsəri məşhur yazıçı Den Brauna məxsusdur. Bu əsər onilliklərin əsəri sayılır və “Nyu-York tayms” qəzetinin ədəbiyyat səhifəsində milyonlarla tirajla nəşr edilib. Əsərdə söhbət Tanrının seçilmiş adamı – Leonardo Da Vincinin xüsusilə “Gizli toplantı” əsərinin pərdəarxası məqamlarından gedir. Leonardo Da Vinçi həqiqətən də şifrəli əsərlər çəkərmiş. 

Elə Mona Liza və “Gizli toplantı” rəsmləri buna sübutdur. Məsələn, əslində həvarilər İsa Məsihin ətrafında toplaşsalar da, bir tikə çörək kəssələr də, rənglərin altında mikroskopik baxışla görünür ki, hamısı İsanı didmək istəyir. Təbii ki, həmin toplantıda İsanı kimin satacağı aydınlaşmadı. Məlum olmadı ki, İuda artıq Roma ordusunun sərkərdəsi Ponti Pilatla Məsihin yerini xəbər vermək barədə razılığa gəlib.

Hacı Məmmədov da şifrəli rəsmlər qoyub gedib. Ancaq onun şifrəsi üzdədir, istəsəydi belə rənglərin altında ayrıca rəsm çəkə bilməzdi. Bunun texnologiyasını ilk anatomiya kitabını ortaya qoyan, tankın, velosipedin ixtirasını yaradan Leonardo da Vinçi bacarardı. Ayrıca texnologiya mövcuddur ki, Hacı Məmmədov kimi intelekti və savad bazası məhdud olan insan bunu bacara bilməzdi. Hacı dünyanın sonunun yaxınlaşmasını Nostradamus kimi göstərə bilməzdi. Nə də Lut peyğəmbərin ərşə çəkilməsinin sirrini də bilməzdi. O, həbsxanada çoxlu kitab oxuya bilərdi, amma bu dünyanın hansı əllərdə cəmləşməsini heç vaxt aydınlaşdırmaq iqtidarında deyildi.

Hacı Məmmədov rəsm əsərlərində yalnız sifarişi kimlərin verməsinə dair nəsə deməyə çalışar. İstənilən halda bu onu təmizə çıxarmır. O, neçə-neçə ailəni gözüyaşlı qoyub, çün icraçının özü də qatildir. Burada bir psixoloji məqam da var. Psixologiyaya görə insana ümid verib sonra ümidini kəsmək onda sarsıntı yaradır. Ola bilsin, kimsə söz vermişdi ki, azadlığa buraxılacaqsan. O da əfv məktubu yazdı. Biləndə ki, istəyi alınmayacaq, sarsıntı yaşadı və intihara əl atdı.

Hacının şifrəli rəsm əsərlərinə gəlincə, bəşəri xarakter daşımır. Londonda Biq Benin önündəki eynəkli, əlində tapança tutmuş oğlan rəsmi bəlkə sifarişçinin Böyük Britaniyada oturmasına işarədir. Aydındır ki, dünyanın idarə edilməsində paytaxtı London olan ölkə böyük rol oynayır. İnandırıcı deyil ki, Hacı bu dərəcədə dərinliyə varmış ola. Qeyd etdiyim kimi onun intelektual bazası buna imkan vermirdi. Belə rəsmlər yalnız qətllərlə bağlı ola bilər. Ancaq istər eynəkli oğlanın, istər əlini qoynuna qoymuş nazikbığlı kişinin yanında avtomobillərin çəkilməsi nəsə deməkdir. Adətən, uşaqlar nəyinsə yanında avtomobili çəkməyi xoşlayırlar. 

Hacı uşaq deyildi. Niyə avtomobilləri məxsusu çəkib, bax bu anlaşılmır. Bax, bu həqiqətən də şifrə ola bilər. Çəmənlikdə uzanan sarı saçlı qadın barədə kimsə zarafatla yazmışdı ki, mərhum sənətkar İlhamə Quliyevaya bənzəyir. Əlbəttə, oxşayır, amma bu zarafatdır. Hacının İlhamə ilə ilişkisi vardı, amma bu ona əsas vermirdi ki, ömürlük qaldığı məkanda məhz onu xatırlasın. Qadının dirsəkləndiyi yerdə xristinalara məxsus mələyi görmək mümkündür. Kənarda isə ağ at və sahibi ölmüş cəngavərin ruhu. Əgər Hacı oxumuş şəxs olsaydı, söyləmək olardı ki, ruhu görünən cəngavər səlib yürüşlərində ad çıxarmış Tampliyer cəngavəridir. Cəngavərlərin məxsus olduğu Orden gizli təşkilata aparıb çıxarır. Burada formal düşüncə ondan ibarətdir ki, qadının sevdiyi şəxs müharibəyə yollanıb. Atı sağ qalıb, özü həlak olub. Sevgilisinin ruhu yanındadır, mələk isə onu qoruyur. Ağ at həm də murad deməkdir. Bəlkə də Hacı Məmmədov nə vaxtsa muradına çatacağını, həbsxana qapısının üzünə açılacağını arzusunu ağ atın timsalında verməyə çalışıb. Bir qadının şirin boynundan asılmış ipi dartması da dərinliyə gedib çıxmır. Xatırlayırsınızsa, belə rəsmlər o vaxtkı xalçaların üzərində çox olardı. Əgər qadının dünyaya ağalığına işarədirsə, bunu hamı blir.

Hacı Məmmədov intihar etdi. Ölkənin hələ möhkəmlənməsi zamanında belə cinayətlər çox olurdu. İstənilən ölkənin tarixində hələ qanunlar tam yerini almamış belə cinayətlər üstünlük təşkil edib. İstənilən halda, “Hacı Məmmədov sirri özü ilə apardı” fikri adamların qəlbində onun törətdiyi cinayətlərə haqq qazandırmır, belə anlama gəlinməməlidir. O, cinayətkar idi. Adam oğurluğu və qətllər. Bu isə milyon şifrəli rəsm əsərinə də sığmazdı.