“Qafqazinfo” saytı peşə etikası qaydalarına həmişə əməl edir və oxucuları saytın məsuliyyət daşıdığı prinsiplərlə tanış edir:
– redaksiya obyektivlik, dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsiplərinə sadiq qalmalıdır;
– məlumat dəqiqləşdirilmədən və ya düzgünlüyünə əmin olunmadan təqdim edilməməlidir;
– faktların və hadisələrin təqdimatında birtərəflilik olmamalıdır;
– böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir;
– dövlət dilinin normalarına riayət edilməlidir;
– jurnalist materiallarında vulqar ifadələrin, jarqonların işlədilməsindən çəkinməlidir;
– redaksiya siyasəti heç bir halda dövlətçiliyə, cəmiyyətin milli-mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailə institutunun qorunması prinsipinə zidd ola bilməz;
– vətəndaş hüquqları, həmrəylik, demokratiya, bərabər imkanlar ilə bağlı məsələlərə həssas yanaşılmalıdır;
– redaksiya milli və ictimai maraqların qorunmasında maraqlı olmalı, insanların dini inanclarına, heysiyyatına toxunacaq məzmuna yol verməməlidir;
– dövlət rəmzlərinə hörmətlə yanaşılmalıdır;
– terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi, dini, cinsi ayrı-seçkiliyin təbliğinə yol verilməməlidir;
– sağlamlığın və ətraf mühitin qorunmasına zidd hərəkətlər təbliğ olunmamalıdır;
– məlumat azadlığına, şəffaflığına, obyektivliyinə, qərəzsizliyinə, ədalətliliyinə və plüralizmə xələl gətirilməməlidir;
– materiallar dəqiq və mümkün qədər müxtəlif baxış bucaqları diqqətə alınmaqla təqdim olunmalıdır;
– jurnalist üzərinə düşən maarifçilik missiyasını unutmamalı, fəaliyyətində bu xətti inkişaf etdirməlidir;
– faktların doğruluğuna əsaslanmaqla hadisələrə münasibətdə sağlam tənqidi düşüncə əsas götürülməlidir;
– zorakılıq, cinayət və s. bu kimi insanların təhlükəsizliyinə dair mənfi təzahürlərlə bağlı məlumatlar adekvat tərzdə işıqlandırılmalı, onların təbliğinə yol verilməməli və təsirinə düşülməməlidir;
– əhalinin həssas qruplarına, uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran məlumat, o cümlədən təsvirlərdən istifadə olunmamalıdır;
– uşaqlara münasibətdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblər əsas götürülməlidir;
– uşağa qarşı cinsi xarakter daşıyan cinayətlə bağlı məlumatda uşağın şəxsiyyəti, kimliyi gizli saxlanılmalıdır;
– mövzu ilə birbaşa əlaqəli deyilsə, insanların irqi, rəngi, dini, cinsi oriyentasiyası, fiziki, ruhi xəstəliyi və ya əlilliyi ilə bağlı təfərrüatlar nümayiş etdirilməməlidir;
– zəruri hallarda yayılan materiallarda müvafiq yaş məhdudiyyətləri indikatorları tətbiq edilməlidir;
– parapsixologiya, mövhumatçılıq və xürafatın təbliğinə yol verilməməlidir;
– intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmamalı, mövzuya xüsusi həssas yanaşılmalıdır;
– jurnalist cinayətdə şübhəli bilinən şəxsin təqsirsizlik prezumpsiyası hüququna hörmətlə yanaşmalıdır.
Xəbər mənbələri ilə iş
– şəffaf, mötəbər, dəqiq mənbələrlə işləməyə üstünlük verilməlidir;
– mənbə işinə və ya bilavasitə özünə ziyan vura biləcəyi səbəbiylə özü haqda məlumatın verilməsini istəmədiyi halda, gizli saxlanılmalıdır;
– redaktorlar müxbirlərlə yanaşı, gizli mənbələri qiymətləndirmək məqsədilə onlar barədə məlumata sahib olmalıdırlar. Mənbə tam gizli qalmaq istədiyi halda, verilən məlumat yalnız ictimai maraq kəsb edəcəyi təqdirdə və digər alternativ mənbələr tərəfindən təsdiq edilərsə, yayımlana bilər;
– faktoloji məlumatlar ən azı iki fərqli və bir-birindən asılı olmayan mənbələrdən dəqiqləşdirilməlidir;
– gizli mənbə yalnız məhkəmənin tələbi ilə açıqlana bilər;
– mənbələrə qarşı ədalətli davranılmalı, açıqlamalar kontekstdən çıxarılmamalıdır.
Təkzib və düzəliş
Audiovizual və rəqəmsal platformalarda, çap mediasında redaksiyanın məhsulu kimi yayılmış materiallarda səhvlərin düzəldilməsində məqsəd çevik reaksiyanın verilməsi və mümkün qədər aydın, operativ şəkildə səhv və düzgün olanı izah etməkdir. İstifadəçi səhvin necə və niyə düzəldildiyini başa düşə bilməlidir;
Səhv düzəldildikdən sonra izah məqsədilə “düzəliş” və ya “redaksiya qeydi” kimi ifadələrdən istifadə olunmalıdır;
Düzəliş – Bir məqalə, foto, məlumat, sərlövhə, qrafik element, video və ya digər materiallar əsaslı şəkildə düzəldilirsə, dəyişiklik izah edilməlidir;
Redaksiya qeydi – İctimai rəydə materialın peşəkarlıq standartlarına cavab vermədiyi iddiaları ortaya çıxarsa, “redaksiya qeydi” altında izahat verilməli, məsələyə aydınlıq gətirilməlidir;
Redaksiya dərc etdiyi və ya yayımladığı materialları silməməli, nəzərdən qaçırılmış və ya yenilənmiş məlumatlar olduğu halda, müvafiq əlavələr edərək onu dolğunlaşdırmalıdır;
Təkzib verilməsinin prinsip və detalları ilə bağlı ortaya çıxan məsələlərin aydınlaşdırılması üçün Azərbaycan Respublikasının “Media haqqında” Qanununa istinad olunmalıdır.
Müəllif hüquqları
– plagiata və müəllif hüquqlarının pozulmasına yol verilməməlidir;
– digər media subyektinin materialından istifadə edərkən istinad edilməsi vacibdir;
– jurnalist materialında özünün gördükləri ilə digər mənbələrdən əldə etdiyi məlumatları aydın fərqləndirməlidir;
– jurnalist redaksiya üçün hazırladığı materialı işlədiyi kütləvi informasiya vasitəsinin rəhbərliyi ilə razılaşdırmadan başqalarına təklif edə bilməz;
– Mübahisəli hallarda “Müəllif hüquqları” haqqında, həmçinin “Media haqqında” qanunun müəllif hüquqlarının qorunması ilə bağlı maddələrinə istinad olunmalıdır.
Sosial mediada jurnalistin davranışı
– jurnalist sosial mediadan istifadə zamanı peşəkar davranış nümayiş etdirməli, təmsil etdiyi media subyektinin nüfuzuna və mövqeyinə xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir;
– sosial şəbəkələrdən götürülmüş audio, foto, video və digər materiallar media qurumunda yayımlanarkən həmin materialda olan və onu açıq paylaşıma açmayan şəxslərin maraqları, onların şəxsi həyatına hörmət prinsipi nəzərə alınmalıdır;
– sosial şəbəkələrdən götürülmüş informasiyanın ictimai əhəmiyyətinə və müəllifin statusuna diqqət yetirilməli, habelə məlumat əlavə mənbələrdən dəqiqləşdirilməlidir;
– jurnalist yayımlanmamış materialını təmsil etdiyi redaksiyanın icazəsi olmadan sosial şəbəkələrdə müzakirə predmetinə çevirməməlidir.
Peşə etikası
Ciddi jurnalistika media etikasından kənarda mövcud deyildir. Peşə etikasının normaları özündə bunları ehtiva edir:
– jurnalist heç bir halda peşə fəaliyyətinə görə hədiyyə qəbul etməməlidir;
– ictimaiyyətə açıq olmayan tədbirlərə dəvətlər qəbul edilməməlidir;
– başqasının əvəzinə material hazırlamamalıdır;
– redaksiyanın sirri kimi qorunan məlumatların verilməsi qadağandır;
– jurnalist üzərinə peşəkar fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmiş heç bir öhdəlik götürməməlidir;
– redaksiyada yaradıcı kollektiv arasında, eləcə də rəhbər heyətlə işçilər arasında münasibətlər sağlam, hüquq müstəvisində və şəffaf formalaşmalıdır;
– jurnalist peşə həmrəyliyi prinsiplərinə sadiq qalmalıdır;
– redaksiyada çalışan əməkdaşlar redaksiyadan kənar davranışlarında və fəaliyyətlərində təmsil etdikləri media quruluşunun nüfuzunu qorumalıdır.