10 nömrəli avtobusun uzun intervalla hərəkət etməsi sərnişinlərin narazılığına səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Bakues.az-a müraciət edən vətəndaşlar avtobusun 30-40 dəqiqə intervalla işlədiyini iddia ediblər. Onların sözlərinə görə, uzun müddət gözlədikləri üçün işə gecikirlər.
Məsələ ilə bağlı “BakuBus” MMC-yə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, bu, hərəkət məhdudiyyətləri ilə əlaqədar olub: “22.09.2026-cı il tarixində “BakuBus” MMC-nin istismarında olan 10 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların MİDA Yasamal son dayanacaq məntəqəsində müəyyən müddət gözləməsi həmin saatlarda Əbdürrəhim bəy Haqverdiyev və Nazim Hikmət küçələrində tətbiq olunan hərəkət məhdudiyyətləri ilə əlaqədar olub.
Yaranmış yol şəraiti nəzərə alınaraq, xətt üzrə hərəkətin tənzimlənməsi məqsədilə son dayanacaq məntəqəsində olan avtobusların çıxışı Onlayn Monitorinq Mərkəzinin tənzimləməsinə əsasən dispetçer tərəfindən idarə edilib. Avtobuslar tənzimləmədən sonra müəyyən edilmiş hərəkət qrafikinə uyğun fəaliyyətlərini davam etdiriblər. Sözügedən müddətdə həmin istiqamətdə interval təxminən 15 dəqiqə təşkil edib.
Qeyd edək ki, paytaxtda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar tətbiq olunan hərəkət məhdudiyyətləri səbəbindən 10 nömrəli marşrut xəttinin hərəkət sxemində də müvəqqəti dəyişiklik edilib. Dəyişikliyə əsasən, avtobusların “İçərişəhər” metrostansiyası istiqamətində hərəkəti Şeyx Şamil, Lermontov və Bünyad Sərdarov küçələri (son dayanacaq məntəqəsi) ilə təmin edilib”.
Fidan Etibar
Son xəbərlər
Son Xəbərlər