11 uşaqda dərman reaksiyası yarandı - TƏBİB-dən açıqlama

11-usaqda-derman-reaksiyasi-yarandi
Oxunma sayı: 525

Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman reaksiyası ilə bağlı hadisə TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırılır.

Bu barədə “Qafqazinfo”ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, istifadə olunmuş dərman vasitəsindən müvafiq nümunələr götürülüb.

“Uşaqlara dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların vəziyyəti stabil qiymətləndirilir və diaqnozlarına uyğun müalicələri davam etdirilir. Onlardan 4-ünün vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, sözügedən uşaqlar respirator virus infeksiyası səbəbilə hadisədən əvvəl xəstəxanada müalicə alıblar”, - deyə məlumatda qeyd edilib.