Bu günlərdə D’ART Gallery-də 11 yaşlı istedadlı gənc rəssam Aslanova Alina Azər qızının “Möcüzələr Diyarında” adlı fərdi rəsm sərgisi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, sərginin açılış mərasimində xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağaəli İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, Alinanın müəllimi, rəssam-pedaqoq İlahə Əhmədova, D’ART Gallery-nin nümayəndələri, ailə üzvləri, müəllimlər, sənətsevərlər və digər qonaqlar iştirak ediblər.
Sərgini xüsusi edən və diqqət çəkən məqamlardan biri də Azərbaycanın tanınmış sənət və mədəniyyət xadimi Emin Ağalarovun istedadlı gənc rəssam Alina Aslanovaya ünvanladığı xüsusi təbrik olub. Bu diqqət Alinanın yaradıcılığına göstərilən marağın, eləcə də gənc istedadlara verilən mənəvi dəstəyin gözəl nümunəsi kimi qiymətləndirilə bilər.
Alina Aslanova kimdir və yaradıcılığında hansı motivlərə üstünlük verir?
20 oktyabr 2014-cü il təvəllüdlü Alina Aslanova kiçik yaşlarından rəsm sənətinə böyük maraq göstərib. Qısa müddət ərzində onun özünəməxsus yaradıcılıq dünyası formalaşıb. Alinanın əsərlərində uşaqlıq təxəyyülü, saf duyğular, rənglərin harmoniyası və həyata özünəməxsus baxış aydın şəkildə hiss olunur.
Sərgidə Alinanın müxtəlif texnikalarda, o cümlədən yağlı boya və akvarel ilə yaratdığı əsərlər nümayiş etdirilib. Hər bir əsər sanki gənc rəssamın daxili dünyasından tamaşaçıya açılan kiçik bir pəncərə təsiri bağışlayıb.
“Möcüzələr Diyarında” adı isə sərginin ruhuna tam uyğun gəlir. Çünki uşaqların xəyal dünyası həqiqətən də möcüzələrlə doludur. Alina həmin möcüzələri sözlərlə deyil, rənglərlə ifadə edir. Onun fırçasından çıxan hər bir rəng uşaqlığın saflığını, ümidini, sevincini və gözəlliyini özündə əks etdirir.
Sənətə aparan yolda müəllimin əməyi
Alinanın yaradıcılıq yolunda onun müəllimi, rəssam-pedaqoq İlahə Əhmədovanın əməyini xüsusi qeyd etmək lazımdır.
İstedadın üzə çıxarılması, düzgün istiqamətləndirilməsi və inkişaf etdirilməsi böyük səbir, zəhmət və peşəkarlıq tələb edir. Bu baxımdan Alinanın yaradıcılıq uğurlarında müəlliminin də mühüm rolu olduğu aydın görünür.
İstedadlı və bacarıqlı şagird, əslində, hər bir müəllimin ən böyük uğuru və əməyinin bəhrəsidir. Müəllimin peşəkarlığı ilə şagirdin istedadının və zəhmətinin vəhdəti isə gələcək uğurlar üçün möhkəm zəmin yaradır.
Sərgidə sənət, təhsil, ailə və yaradıcılıq mühitinin bir araya gəlməsi gənc istedadların dəstəklənməsinin nə qədər böyük əhəmiyyət daşıdığını bir daha göstərdi.
Alinanın belə ruhda böyüməsində ailəsinin rolu
Bu gözəl tədbirdə Alinanın atası, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Aslanov Azər Allahverdi oğlunun rolunu da xüsusi qeyd etmək istərdik.
Dünya çempionu kimi öz sahəsində mühüm uğurlar qazanan Azər Aslanov övladlarının da vətənpərvər ruhda böyüməsinə, Azərbaycanı və onun milli dəyərlərini sevməsinə xüsusi diqqət yetirir.
Övladlarına Azərbaycanın üçrəngli şanlı bayrağına sevgi, dövlətçiliyimizə hörmət, milli dəyərlərimizə bağlılıq və Vətənimizin adını layiqincə təmsil etmək kimi dəyərlərin aşılanması, şübhəsiz ki, təqdirəlayiq nümunədir.
Xüsusilə sevindirici haldır ki, Azər Aslanov övladlarının həm Azərbaycanda, həm də Avropa ölkələrində Azərbaycanın üçrəngli bayrağını dalğalandırmasına və ölkəmizi layiqincə təmsil etməsinə böyük önəm verir.
Belə ailələrdə böyüyən uşaqlar yalnız öz istedadları ilə deyil, həm də Vətənə, dövlətə və milli dəyərlərə bağlılıqları ilə gələcəyimizə töhfə verirlər.
Onu da qeyd edək ki, Alinanın qardaşı, 11 yaşlı Ali Aslanov da bu ilin iyul ayında İtaliyanın paytaxtı Roma şəhərində keçirilən beynəlxalq STEM Olimpiadasında böyük uğura imza atıb. O, 3–11-ci sinif şagirdləri arasında təşkil olunan yarışda kodlaşdırma istiqaməti üzrə Azərbaycanı uğurla təmsil edərək dünya birincisi adına layiq görülüb.
İstedadlı uşaqlar — Vətəmizin gələcəyidir
Alina Aslanovanın timsalında Azərbaycan uşaqlarının istedadının, yaradıcılığının və böyük potensialının daha bir gözəl nümunəsini görürük.
İnanırıq ki, bu gün “Möcüzələr Diyarında” öz rəng dünyasını nümayiş etdirən balaca Alina gələcəkdə Azərbaycan incəsənətinin adını daha böyük səhnələrdə tanıdan istedadlı sənətçilərdən biri olacaq.
Alinanın “Möcüzələr Diyarında” sərgisi də məhz bu həqiqəti — uşaqların xəyal dünyasının nə qədər böyük, rəngarəng və işıqlı olduğunu bir daha nümayiş etdirdi.





