“Qarabağ”ın “Tvente” ilə qarşılaşmaları artıq Avropa futbolunda özünəməxsus tarixə çevrilib.
“Qafqazinfo” xəbər verir ki, 2009-cu ildən başlayan rəqabətdə Ağdam klubunun heyətində illər ərzində çoxsaylı dəyişikliklər olub.
Lakin bir futbolçu bu uzun yolu keçərək, Niderland təmsilçisinə qarşı meydana çıxıb – Bədavi Hüseynov.
Komandaların bu gecə Niderlandda keçirilən görüşü 7-ci qarşılaşma olub. “Qarabağ” bu dəfə Kadi Borgesin 52-ci dəqiqədə vurduğu qolla “Tvente”ni 1:0 hesabı ilə məğlub edib.
Bu oyunda da Ağdam klubunun start heyətində yer alan Bədavi Hüseynov üçün qarşılaşma xüsusi əhəmiyyət daşıyıb. Çünki təcrübəli müdafiəçi düz 12 il əvvəl, 2014-cü ildə “Tvente” ilə qarşılaşan “Qarabağ”ın heyətində də yer almışdı.
.jpg)
2014/2015 mövsümündə “Qarabağ” və “Tvente” UEFA Avropa Liqasının pley-off mərhələsində üz-üzə gəlmişdi. Bakıda keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatmışdı. Niderlanddakı cavab görüşündə isə komandalar 1:1 hesablı heç-heçə etmiş və “Qarabağ” səfər qolu sayəsində tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.
Həmin tarixi heyətdə yer alan futbolçuların böyük əksəriyyəti artıq “Qarabağ”da deyil. Bəziləri karyerasını başa vurub, bəziləri isə başqa klublarda çıxış edir. Bədavi Hüseynov isə 12 il sonra yenidən “Tvente”yə qarşı meydana çıxaraq, həmin heyətdən bu günə qədər Ağdam klubunda qalan yeganə futbolçu kimi diqqət çəkib.
2014-cü ildə Niderlandda keçirilən 1:1 hesablı oyunda da meydanda olan Bədavi 2026-cı ildə yenə “Tvente”nin doğma meydanında komandasının formasını geyinib. Bu dəfə isə “Qarabağ” meydanı 1:0 hesablı qələbə ilə tərk edib.
Bədavi Hüseynov 2012-ci ildə “Sumqayıt”dan “Qarabağ”a transfer olunub. Müdafiəçinin keçidi üçün Ağdam klubu 160 min dollar ödəyib. O vaxtdan etibarən Bədavi “Qarabağ”ın əsas müdafiəçilərindən birinə çevrilib və artıq 14 ildir komandanın formasını geyinir. Onun hazırkı bazar dəyəri isə təxminən 100 min avro qiymətləndirilir.

Bədavi Hüseynov bu illər ərzində “Qarabağ”ın çoxsaylı çempionluq və kubok uğurlarının bir hissəsi olub. Premyer Liqada Ağdam klubunun heyətində 267 oyuna çıxan müdafiəçi 5 qola imza atıb.
“Qarabağ” və “Tvente” ilk dəfə 2009/2010 mövsümündə Avropa Liqasının pley-off mərhələsində qarşılaşıblar. Ensxede təmsilçisi ilk oyunda öz meydanında 3:1 hesabı ilə qalib gəlib. Bakıda keçirilən cavab görüşündə isə qapılara qol vurulmayıb – 0:0.
Beş il sonra komandaların yolları yenidən Avropa Liqasının pley-offunda kəsişib. Bakıdakı ilk qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Niderlanddakı cavab oyununda isə “Qarabağ” 1:1 hesablı heç-heçə edərək səfər qolu üstünlüyü ilə mərhələni keçib.
2025-ci ilin yayında komandalar hazırlıq çərçivəsində iki dəfə qarşılaşıblar. İlk oyunda “Qarabağ” 3:2 hesablı qələbə qazanıb, ikinci matçda isə “Tvente” 2:1 hesabı ilə üstün olub.
2026-cı ildə isə rəqiblər UEFA Konfrans Liqasının pley-off mərhələsində yenidən üz-üzə gəliblər. Avqustun 20-də Niderlandda keçirilən ilk oyunda Kadi Borgesin 52-ci dəqiqədə vurduğu qol “Qarabağ”a 1:0 hesablı qələbə qazandırıb.

Bununla iki komanda arasında keçirilən 7 oyunda “Qarabağ” 2 qələbə qazanıb, “Tvente” də 2 dəfə qalib gəlib, 3 qarşılaşma isə heç-heçə başa çatıb.
Bu rəqabətin ən maraqlı məqamlarından biri isə 2014-cü ildə “Tvente”yə qarşı meydana çıxan Bədavi Hüseynovun 12 il sonra eyni rəqibə qarşı yenidən oynamaqla tarixə düşməsidir.
İndi isə komandaları 8-ci qarşılaşma gözləyir. Cavab oyunu 27 avqustda Bakıda keçiriləcək. Bədavi Hüseynov həmin görüşdə də meydana çıxarsa, onun “Tvente” ilə uzunmüddətli futbol hekayəsi daha bir səhifə ilə zənginləşəcək.