140 milyonluq girov məbləğinin 30 milyonunu o ödəyib

140-milyonluq-girov-mebleginin-30-milyonunu-o-odeyib
Oxunma sayı: 911

Futbol üzrə Ukrayna millisinin keçmiş baş məşqçisi Sergey Rebrov Ukrayna Prezidentinin Ofisinin keçmiş rəhbəri Andrey Yermakın azadlığa buraxılması üçün tələb olunan girov məbləğinin bir hissəsi qismində 30 milyon qrivna (təxminən 1 milyon 150 min AZN) ödəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Rəsmi məlumatlara görə, Yermak üçün ümumi girov məbləği 140 milyon qrivna (təxminən 5 milyon 389 min AZN) təşkil edir. İndiyədək bu məbləğdən 35 milyon qrivna (təxminən 1 milyon 347 min AZN) toplanıb ki, bunun da 30 milyonu məhz Rebrovun payına düşür. Girov məbləği tam ödəniləcəyi təqdirdə Yermak məhkəməyə qədər həbsdən azad edilə bilər.

Yermak və Rebrov arasında uzun illərdir dostluq münasibətləri olduğu bildirilir.

Qeyd edək ki, mayın 11-də Ukraynanın Milli Antikorrupsiya Bürosunun və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun əməkdaşları Yermaka Kiyev vilayətində elit kottec qəsəbəsinin tikintisi zamanı təxminən 10,5 milyon dollar (təxminən 17 milyon 850 min AZN) vəsaitin yuyulması ilə bağlı ittiham irəli sürüblər. Kiyev məhkəməsi mayın 14-də Andrey Yermak barəsində 60 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Onu da xatırladaq ki, Andrey Yermak 2025-ci il noyabrın 28-də Ukrayna Prezidentinin Ofisinin rəhbəri vəzifəsindən istefa verib.