190 manatı ala bilməyən Bakı sakininin problemi həll olundu - Video

190-manati-ala-bilmeyen-baki-sakininin-problemi-hell-olundu
Oxunma sayı: 5809

190 manatlıq birdəfəlik ödəmə ala bilməyən Bakı şəhər sakini Natəvan Xəlilovanın şikayəti araşdırılıb və həll olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib:

“Bakı şəhəri, Binəqədi rayon sakini Natəvan Xəlilovanın guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işə göndəriş verilməsi, bir günlük əmək müqaviləsi bağlanılması və bunun birdəfəlik ödəmə almasını məhdudlaşdırılması məqsədilə edildiyi barədə şikayəti nazirlik tərəfindən dərhal araşdırılıb. Əmək müqaviləsi bildirişi altsistemi vasitəsilə aparılan araşdırma zamanı məlum olub ki, Natəvan Xəlilova ilə fiziki şəxs Həbibov Mehman Cabir oğlu (qeydiyyat ünvanı Quba) arasında 16.05.2020 tarixdə əmək müqaviləsi imzalanıb (məşğulluq təsnifatı – təkər düzəldən) və elə həmin tarixdə də müqaviləyə xitam verilib.

İşəgötürənlə bu barədə söhbətdə bundan xəbərsiz olduğunu, mühasibi tərəfindən qanunsuz hərəkət edildiyini qeyd edib.

Natəvan Xəlilovaya məsələ ilə bağlı ətraflı məlumat verilib. Nazirlik tərəfindən vətəndaşın adına hər hansı bir iş üçün göndəriş verilmədiyi və əmək müqaviləsi imzalanmadığı izah edilib.

O, məsələyə operativ reaksiya verdiyinə görə Nazirliyə təşəkkürünü bildirib.

Nazirlik bu məsələyə hüquqi qiymət verilməsi məqsədilə hüquq mühafizə orqanlarına müraciət edib”.