“2 gün əvvəl binamızda yanğın oldu, nə işığımız, nə də suyumuz var” - Fotolar

2-gun-evvel-binamizda-yangin-oldu-ne-isigimiz-ne-de-suyumuz-var
Oxunma sayı: 718

“2 gündür nə işığımız var, nə də suyumuz”​.

Bu şikayətlə “Qafqazinfo”ya Məmməd Araz 25-in bina sakinləri müraciət edib.

Onlar bildiriblər ki, buna səbəb ötən gün binalarında baş verən yanğın olub: “Dünən saat 06 radələrində binamızda yanğın baş verdi. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəldilər. Onlar bildirdilər ki, yanğın 3-cü mərtəbədən başlayıb. Həmçinin binanın qaraj hissəsindəki generator otağında da “şit”lərdə partlayış oldu”.

Bina sakinləri iddia ediblər ki, yanğına səbəb bloklarının altındakı “Monte Napoleone” restoranının, “Outlet”in, həmçinin elektrik avtomobilləri üçün enerji doldurma məntəqələrinin qeyri-qanuni şəkildə binamızın elektrik xətlərinə qoşulması olub. Həmin hadisədən sonra nə işığımız var, nə də suyumuz. “Azərişıq”la əlaqə saxlasaq da, qeyd etdilər ki, onlar bu problemə baxmırlar. Heç binadakı lift də işləmir. Yaşlı sakinlər, uşaqlar, qadınlar 9 mərtəbəli binanın yalnız piləkənlərindən istifadə edə bilirlər. 

Məsələ ilə bağlı “Azərişıq” ASC-yə sorğu ünvanladıq. Bildirildi ki, binadaxili məsələlər ASC-nin səlahiyyətində deyil: "Binada sayğacaqədərki məsələlər “Azərişığ”ın məsuliyyətindədir”.

Qeyd edək ki, sözügedən ərazi “Milyonerlər məhəlləsi” kimi tanınır. Həmin bina isə ərazidəki yeganə çoxmərtəbəli binadır.

Mədinə Useynova