İsmayıllıda bəzi kənd məktəblərinin fəaliyyətini dayandırdığı iddia edilir.
“Qafqazinfo” xəbər verir ki, Namazgah kəndinin sakinlərinin sözlərinə görə, məktəblərin bağlanması şagirdlərin təhsil almaq üçün uzun məsafələr qət etməsinə səbəb olur.
Bildirilib ki, ibtidai sinifdə təhsil alanlar daxil, şagirdlər 5-10, hətta 15-20 kilometr uzaqda yerləşən məktəblərə getməli olurlar.
“2 ildir bu məktəb bağlıdır. Bizim körpə uşaqlarımız harada gedib oxuyacaq? Kənd boşalır. Camaat köçüb gedir. Uşaqlar digər kəndlərə məktəbə gedir”.
Sakinlər qeyd edib ki, bu vəziyyət xüsusilə qış aylarında ciddi çətinlik yaradır:
“Hazırlıq da yoxdur ki, aparıb qoyum. Bura açıq olanda uşaqlarımız gəlib oxuyurdu. İndi deyirlər ki, apar Lahıca. Bunun qışı var, boranı var. Necə gedək?”
Şagirdlər də məktəbin bağlanmasının onlara çətinlik yaratdığını deyirlər.
Problem Namazgah kəndi ilə məhdudlaşmır. Digər kəndlərdə yaşayan sakinlər də oxşar çətinliklərlə üzləşdiklərini deyirlər.
Məsələ ilə bağlı Dağlıq-Şirvan Regional Təhsil İdarəsindən bildirilib ki, 2026-2027-ci tədris ilində İsmayıllı rayonunun Müdrik kənd tam orta və Sərdahar kənd ümumi orta məktəblərinin optimallaşdırılması nəzərdə tutulur:
“Hazırda bu istiqamətdə ətraflı təhlillər aparılır. Proses çərçivəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müəllim və şagirdlərin hüquq və mənafelərinin qorunması diqqətdə saxlanılacaq. Yekun qərar kompleks dəyərləndirmələrdən sonra veriləcək. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
Son xəbərlər
Son Xəbərlər