Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ Respublika Komitəsi) və Push30 əməkdaşlığı çərçivəsində Nabranın “Təhsil” İstirahət Mərkəzində müəllim və tələbələr üçün beş həftəlik fiziki aktivlik proqramı həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, proqram çərçivəsində 12 məşq təşkil olunub və ümumilikdə 2 000-dən çox iştirakçı cəlb edilib.
Beş həftə ərzində mərkəzdə dincələn müəllim və tələbələr üçün yoqa, Zumba, Pilates, CrossFit, Muay Thai boks, fitness və digər fiziki aktivliklər üzrə məşqlər keçirilib. Push30 komandası hər həftə iki gün iştirakçılarla görüşərək məşqlərlə yanaşı, Push30-un imkanları və ETİHİ Respublika Komitəsi üzvləri üçün nəzərdə tutulan xüsusi kampaniya haqqında məlumat verib.
Layihə ETİHİ Respublika Komitəsinin təhsil işçiləri və tələbələrin sosial rifahının, keyfiyyətli istirahətinin və aktiv həyat tərzinin dəstəklənməsinə yönəlmiş təşəbbüslərinin bir hissəsi olaraq həyata keçirilib. “Təhsil” İstirahət Mərkəzində yaradılan şərait iştirakçılara istirahət dövründə müxtəlif idman və hərəkət fəaliyyətlərinə qoşulmaq imkanı yaradıb.
ETİHİ Respublika Komitəsi və Push30 arasında əməkdaşlıq 2025-ci ilin sentyabrında başlayıb. Bir il ərzində 1 500-dən çox ETİHİ Respublika Komitəsi üzvü Push30 ekosisteminə çıxış əldə edib. Bu müddətdə ümumi istifadə sayı 29 000-i ötüb, üzvlər Push30 şəbəkəsində 394 unikal idman və aktivlik mərkəzindən yararlanıblar.
Əməkdaşlıq “Sağlam təhsil işçisi, sağlam gələcək” ideyası çərçivəsində davam etdirilir. Tərəfdaşlığın əsas məqsədi təhsil sahəsində çalışanlar üçün idman və hərəkət imkanlarını genişləndirmək, müntəzəm fiziki aktivliyi təşviq etmək və sağlam vərdişlərin formalaşmasına dəstək olmaqdır.
ETİHİ Respublika Komitəsi və Push30 bundan sonra da müəllim və tələbələrin daha aktiv həyat tərzinə cəlb olunması və fiziki aktivlik imkanlarının genişləndirilməsi istiqamətində birgə təşəbbüsləri davam etdirməyi planlaşdırır.
Son xəbərlər
Son Xəbərlər