2025 ötənlərdən nə ilə fərqləndi? - Fotolar

2025-otenlerden-ne-ile-ferqlendi
Oxunma sayı: 635

Yola salmaqda olduğumuz 2025-ci il də siyasi hadisələr, silahlı münaqişələr, təbii fəlakətlər və çoxsaylı digər hadisələrlə yadda qaldı.

“Qafqazinfo” ilin ən yaddaqalan hadisələrini əks etdirən fotoları təqdim edir:

20 yanvar - 2024-cü il noyabrın 5-i ABŞ-də keçirilmiş prezident seçkilərində qalib gələn Donald Trampın Kapitolidə andiçmə mərasimi baş tutdu. Ölkənin 47-ci prezidenti 78 yaşında and içməklə bu baxımdan ən yaşlı ABŞ lideri oldu.

21 yanvar - Türkiyənin Bolu vilayətində “Kartalkaya” xizək kurortunda yerləşən “Grand Kartal” hotelində baş vermiş yanğın 36-sı uşaq olmaqla 78 nəfərin ölümünə, 133 nəfərin isə xəsarət almasına səbəb oldu.


28 fevral - ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna lideri Volodimir Zelenski arasında Ağ Evdə baş tutmuş görüş gərgin anlarla yadda qaldı. ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Zelenskini tənqid etməsi ilə başlayan mübahisə Trampın söhbətə qarışması ilə daha da gərginləşdi.


2023-cü ildən başlayan İsrail-HƏMAS müharibəsinin (Qəzza müharibəsi - red.) üçüncü mərhələsi 2025-ci il martın 18-də İsrailin hücumu ilə başlayıb oktyabrın ortalarında atəşkəs əldə olunması ilə başa çatsa da, tərəflər arasında silahlı toqquşmalar baş verməkdə davam edir.

28 mart - Myanmada baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 5413 nəfər öldü, 11 402 nəfər isə xəsarət aldı.


21 aprel - 2013-cü ildən Roma Papası olan Fransisk 88 yaşında vəfat etdi.


8 may - Konklavda keçirilmiş səsvermə nəticəsində ABŞ-dən olan Robert Frensis Prevost Roma Papası seçildi. O özünə Papa XIV Leo adını götürdü.


13-24 iyun - On bir gün davam edən İran-İsrail müharibəsi nəticəsində İran tərəfdən rəsmi olaraq 610 nəfər, İsrail tərəfdən isə 29 nəfər həlak oldu.


8 avqust tarixi isə xoş hadisə ilə yaddaşlarımıza həkk oldu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini parafladılar.


15 avqust - Alyaskanın Ankoric şəhərində ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında görüş keçirildi.


8 sentyabr - Nepalda baş vermiş etirazlar (“Z nəsli etirazları” - red.) 22 nəfərin ölümü, yüzlərlə şəxsin yaralanması ilə nəticələndi. Nepalın Baş naziri Şarma Oli ölkədəki kütləvi iğtişaşlar fonunda istefa verdi.


9 oktyabr - Parisin məşhur Luvr muzeyinin “Apollon qalereyası”nda oğurluq hadisəsi baş verdi. Hadisə nəticəsində imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşya oğurlandı. Hadisəni törətməkdə şübhəli bilinən 4 nəfər saxlanıldı.


26 noyabr - Honkonqun Tay Po rayonunda 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın baş verdi. Faciə nəticəsində 160 nəfər həlak oldu.