39 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən Şuşada

39-illik-tarixi-olan-vaqif-poeziya-gunleri-yeniden-susada
Oxunma sayı: 3932

Azərbaycan təbiətinin, tarixinin və sənətinin nadir incisidir Şuşa. Təbiət, tarix, sənət bu şəhərdən heç nəyi əsirgəməyib. Füsunkar mənzərələr, səfalı ab-hava, şəfalı sular təbiətin dağ şəhərinə ərməğanıdır. Qədim qalalar, bürclər, binalar, küçələr, bulaqlar, daşlar - tarixin yadigarlarıdır. Musiqi, şeir bu torpağın hər qarışında yaşayır. Qarabağ tarixinin, Qarabağda yaranan şeir, musiqi sənətinin zəngin ənənələri bu gün də diridir, canlıdır...

Nə az, nə çox düz 29 ildən sonra yenidən Molla Pənah Vaqifin görüşünə gəlmişdi həmvətənləri. Yenə onun məqbərəsi ətrafında qələbəlik idi. Bəli, qələbəlik, Qələbə ovqatlı qələbəlik, Zəfər ovqatlı qələbəlik. Burada şeir söyləyən də vardı, muğam oxuyan da. Vaqifin nakam ruhu da elə buradakıların bərabərində dayanıb, hamını salamlamaqdaydı.

O müqəddəs ruh ki, 3 onilliyin həsrətindən perik düşmüşdü buralardan, amma çox uzaqlara getməmişdi, elə burda öz can sirdaşlarının, can qardaşlarının gələcəyi günü səbirsizliklə gözləmişdi. Bax, o gün bu gün idi, Molla Pənah Vaqifin məqbərəsinin yenidən açıldığı gün, Vaqif Poeziya Günlərinin yenidən başladığı gün.

Bu gün 39 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra yenidən təşkil olunmuşdu.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı onun milli ədəbiyyata, tarixə, mədəniyyətə böyük marağının təzahürü idi. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermiş və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilmişdi.

Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı. Ədəbiyyatsevərlər arasında böyük maraqla qarşılanan bu günlər çərçivəsində şeir gecələri ilə yanaşı, konsert proqramları da təqdim edilirdi.

Prezident İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinə çevrilib.

Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirin məqbərə önündəki açılış mərasimində çıxışlardan sonra Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra muğam triosunun ifasında “Qarabağ” şikəstəsi səslənib.

Rəsmi açılış mərasimindən sonra tədbir iştirakçıları Molla Pənah Vaqifin bərpa edilmiş və yenidən qurulmuş muzey-məqbərə kompleksini ziyarət ediblər.

“Qafqazinfo”nun məlumatına görə, tədbirin iştirakçılarından olan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar AZƏRTAC-a müsahibəsində deyir:

“Bu gün xoş təəssüratlar yaşayırıq. Gözlədiyimiz gün gəldi. Şuşa azad olundu. Vaqifin məqbərəsi, Vaqifin ruhu azad olundu. Bu günün şahidi olmaq xoşbəxtlikdir. Taleyimə minnətdaram ki, belə bir gün yaşadım”.

Bu məqamda bir neçə məsələni qeyd etməyi özümüzə borc bilirik. Belə ki, bu günə qədər Azərbaycan xalqı öz sevimli şairini bir an da olsun unutmamışdı. Molla Pənah Vaqifin adının UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürü idi. 2017-ci il, həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif İli” elan edilərək, bu çərçivədə tədbirlər keçirilmişdi.

Uzun illərdir dövlətimiz tərəfindən tanınmış şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə qeyd edilməsi, əsərlərinin nəşri və təbliği Molla Pənah Vaqif irsini də əhatə edib. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən ölkəmizdə şairin xatirəsinə həsr edilmiş elmi-praktik konfranslar, rəsm sərgiləri və digər bu qəbildən olan silsilə tədbirlər keçirilib.

Molla Pənah Vaqif öz dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi olub. Onun yaradıcılığı özünəməxsus realist ədəbi-estetik mövqeyi ilə seçilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu gün Şuşada keçirilən tədbirdə səslənən şeirlər də, oxunan mahnılar da Vaqif ruhuna çox yaxın idi.

Azərbaycan Yazılar Birliyinin katibi, tanınmış yazıçı-dramaturq İlqar Fəhmi bu günün tarixi əhəmiyyətini belə şərh edir:

“Bir il əvvəl bizə desəydilər ki, gələn il Şuşada Vaqif Poeziya Günləri keçiriləcək, yəqin inanmazdıq. Zaman dəyişdi, bizə yuxu kimi görünən bu arzu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə reallaşdı.

Çox unudulmaz bir gündür. Burada iştirak edən hər bir insanın həyatına, yaddaşına qızıl hərflərlə yazılan bir gündür. Poeziya günləri ənənəvi olaraq 1982-ci ildən qeyd olunurdu. Erməni işğalının başlanması ilə buna ara verildi. Torpaqlarımız işğaldan azad olunandan sonra Vaqifin məqbərəsi yenidən bərpa olundu, poeziya günlərinin keçirilməsi ilə bağlı qərar verildi.

Bu gün açılışını etdiyimiz Vaqif Poeziya Günləri bir neçə gün davam edəcək. Poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpozium nəzərdə tutulub, sərgilər nümayiş olunur”.

Yeri gəlmişkən qeyd etməliyik ki, torpaqlarımız Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycanın mədəni inkişafında yeni dövr başlayıb. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın təntənəsidir. Bu gün də belə bir növbəti təntənəyə şahidlik edirik. Şuşada Molla Pənah Vaqifin məqbərəsinin yenidən ucaldılması bütövlükdən Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərdir.

Bu dəyərin bariz nümunəsi olaraq Vaqif Poeziya Günlərinə ürək dolu sözlə gələnlər sırasında Xalq şairi Sabir Rüstəmxanlı da var. O, Şuşada yenidən bərpa olunan bu şeir bayramının dünyaya bir mesaj olduğunu söyləyir:

“İlk növbədə Şuşanın işğaldan azad olunması, Azərbaycanın qədim mədəniyyət mərkəzinin ruhunun özünə qayıtması, ədəbiyyat adamlarının bura gəlişi, Vaqif məqbərəsinin və Poeziya Günlərinin bərpası son dərəcədə böyük bir tarixi hadisədir. Bu, bizim tariximizin parlaq səhifəsidir.

Əslində, Şuşanın işğaldan azad olunması gücünü əsgərlərimizə bəxş edən Şuşanın ruhu idi, tarixi idi. Şəhid edilmiş vətandaşlarımızın intiqamını almaq ehtirası idi. O qəhrəmanlığın nəticəsində poeziyamız da öz ənənəsini bərpa etdi, bu ənənə Vaqifin sözü, Şuşanın özü kimi əbədi olacaq”.

Bu gün Şuşada əsl bayram av-havası var, hamı danışmaq, fərəhini, sevincini bölüşmək istəyir. Hər kəsin köksündə qalibiyyətin xalqımıza bəxş etdiyi əvəzsiz sevinc hissi var. Hər kəs bu qələbəni, bu zəfəri bizlərə yaşadan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də ölməz şəhidlərimizə, sağlamlığından keçmiş qazilərimizə öz minnətdarlığını yazdığı şeirdə, oxuduğu nəğmədə ifadə etmək istəyir. Bir sözlə bu gün Şuşa bir şeir, söz çələnginə dönüb.....

Qeyd edək ki, Vaqif Poeziya Günləri avqustun 31-də simpozium ilə davam edəcək.