4 penalti qurtarıb komandasına kubok qazandırdı - Video

4-penalti-qurtarib-komandasina-kubok-qazandirdi
Oxunma sayı: 593

Qətərin Əl-Rəyyan şəhərindəki “Əhməd bin Əli” stadionunda keçirilən FIFA Qitələrarası Kubokunun finalında UEFA Çempionlar Liqasının son qalibi PSJ və “Libertadores” kubokunun qalibi “Flamenqo” qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, gərgin keçən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Matçda hesabı 38-ci dəqiqədə parislilərin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya açıb. 62-ci dəqiqədə isə Braziliya klubunun italyan yarımmüdafiəçisi Jorjinyo penalti zərbəsini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib.

Əlavə vaxtda qol vurulmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan Fransa təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov penaltilər seriyasında 4 zərbəni dəf edərək fenomenal oyun nümayiş etdirib və komandasının qələbəsində əsas pay sahibi olub. Bununla da PSJ öz tarixində ilk dəfə Qitələrarası Kuboka sahib çıxıb.

Qeyd edək ki, bu turnir Avropa və Cənubi Amerikanın baş klub turnirlərinin – UEFA Çempionlar Liqası və “Libertadores” kubokunun qalibləri arasında keçirilir.