ABŞ-də yaşayan doqquz yaşlı Anderson Teylor dinozavrlara olan sevgisini qeyri-adi uğura çevirərək, “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən gənc kişi muzey kuratoru kimi düşüb.
“Qafqazinfo” xəbər verir ki, İllinoys ştatının Kembric şəhərində yaşayan məktəbli 2024-cü il avqustun 10-da, cəmi 9 yaş 340 günlük olarkən Kembric Təbiət Tarixi Muzeyini açıb.
Bununla o, muzeyin təsisçisi, sahibi və kuratoru kimi dünya rekorduna imza atıb.
Muzeydə fosillər, minerallar, arxeoloji artefaktlar və müxtəlif təbiət tarixi nümunələri sərgilənir. Bundan əlavə, ziyarətçilər üçün maarifləndirici proqramlar və xüsusi ekspozisiyalar da təşkil olunur.
Anderson bildirib ki, öz muzeyini yaratmaq ideyası Şotlandiyada yerləşən Staffin Dinozavr Muzeyinə səfərindən sonra yaranıb.
“Şotlandiyada Staffin Dinozavr Muzeyini ziyarət etdim və bu, mənə ilham verdi. Həyatım boyu dinozavrlara və fosillərə böyük maraq göstərmişəm”, – deyə o, “Ginnesin Rekordlar Kitabı”na müsahibəsində bildirib.
Gənc kurator muzeyin yaradılması prosesinin asan olmadığını da vurğulayıb. Onun sözlərinə görə, əvvəlcə uyğun bina tapılıb, daha sonra şəhər rəhbərliyi ilə aparılan danışıqlardan sonra əvvəllər yanğınsöndürmə məntəqəsi və kənd zalı kimi istifadə olunan tikili muzeyə çevrilib.
Bundan sonra sərgilər üçün eksponatlar və vitrinlər bağışlanıb, bir ay sonra isə layihənin maliyyələşdirilməsi üçün vəsait toplama kampaniyasına start verilib.
Hazırda 11 yaşı olan Anderson muzey binasını tamamilə almaq məqsədilə ianə kampaniyasına rəhbərlik edir. İndiyədək bu kampaniya çərçivəsində 20 min dollardan çox vəsait toplanıb.
Gələcəkdə paleontoloq olmaq istəyən Anderson Teylor dinozavr və fosillərə olan həvəsini peşəyə çevirməyi planlaşdırır.

Son xəbərlər
Son Xəbərlər